16 Fevral 2021 16:12
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycanın imzaladığı 55 sazişdən 54-ü artıq qüvvəyə minib, qalan 1 saziş isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək.

Bu barədə Teleqraf.com Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

"Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, iqtisadi və ticarət əlaqələrinin sürətlə genişlənməsi mövcud sazişlər şəbəkəsinin daha da genişləndirilməsini və yeni tərəfdaşları əhatə etməsini obyektiv zərurətə çevirir. Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu istiqamətdə sistemli iş aparılır", - məlumatda deyilir.

Bildirilir ki, hazırda qüvvədə olan sazişlərdən biri - Azərbaycan Respublikası və Yaponiya Xarici İşlər Nazirlikləri arasında 2005-ci il mayın 30-da mübadilə edilmiş və Azərbaycan Respublikasının 1 aprel 2008-ci il tarixli qanunu ilə təsdiq edilmiş notalara müvafiq olaraq Yaponiya ilə SSRİ arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyadır və Azərbaycan Respublikası və Yaponiya arasında ikitərəfli münasibətlərdə tətbiq edilir.

"SSRİ ilə Yaponiya arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanın 18 yanvar 1986-cı ildə imzalandığını və həmin tarixdən bu günədək beynəlxalq vergitutmada əhəmiyyətli dəyişikliklərin baş verdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının gəlirə və əmlaka münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında nümunəvi Konvensiya layihəsi Yaponiya tərəfinə diplomatik kanallar vasitəsilə hələ 2019-cu ildə təqdim olunub.

Ölkələrimiz arasında yeni Konvensiyanın bağlanması həm Yaponiya, həm də Azərbaycan sərmayəçilərinə əlverişli şəraitin yaradılması və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük əhəmiyyət kəsb edəcək. Eyni zamanda, Konvensiya layihəsi hər iki ölkənin vergi orqanları arasında vergilərdən yayınmanın qarşısının alınması sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşkil edilməsini təmin edəcək", - məlumatda bildirilir.

Yaponiya tərəfi Azərbaycanın bu təklifini yüksək qiymətləndirib və Konvensiya layihəsi üzrə müzakirələrin aparılması üçün hər iki ölkənin səlahiyyətli qurumlarının ekspertləri arasında görüşün təşkil olunmasını məqbul hesab edilib.

Məlumata əsasən, fevralın 1-ci ongünlüyündə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri ilə Yaponiyanın Maliyyə Nazirliyinin ekspertləri arasında video konfrans vasitəsilə görüş təşkil olunub və Konvensiya layihəsi üzrə müzakirələr aparılıb. Qarşılıqlı anlaşılma mühitində keçən danışıqlarda Konvensiyanın əsas müddəaları müzakirə edilib. Konvensiya layihəsi üzərində iş davam edəcəkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər