2020-ci ilin iyunun 16-dan bu ilin fevralın 18-dək Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 419 əmanətçiyə 623,3 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
Teleqraf.com ADIF-na istinadən xəbər verir ki, ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 240,63 milyon manat kompensasiya ödənilib.
"AG Bank" üzrə 4666 əmanətçiyə 111,4 milyon manat, "NBC Bank" üzrə isə 4204 əmanətçiyə 129,22 milyon manatdan çox kompensasiya ödənilib.
Analoji dövrdə "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 382,66 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5794 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 139,74 milyon manat, "Ata Bank" üzrə 9755 əmanətçiyə isə 242,91milyon manat təşkil edib.
Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.