22 Fevral 2021 12:45
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gələn aydan Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minəcək. Saziş 15 mal qrupunu əhatə edir. Bu sazişdən sonra iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, pandemiyanın təsirlərinə rəğmən ötən il də iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub:

“4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Son illər Azərbaycanla Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır”.

Vüqar Bayramov qeyd edib ki, ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər:

“Gələn aydan qüvvəyə minəcək Preferensial Ticarət Sazişi çərçivəsinin mərhələli şəkildə genişləndirilməsi bütövlükdə, qarşılıqlı olaraq xarici ticarətdə bütün mallar üzrə kvota və rüsumların sıfıra endirməsi daha məqsədəuyğundur. İki qardaş ölkə arasında tam azad xarici ticarət rejiminin formalaşdırılması 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatılması baxımdan da vacibdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər