Dünyanın aparıcı banklarının proqnozlarına görə, yaxın bir neçə ildə “Brent" markalı neftin bir barelinin qiyməti 100 ABŞ dollarınadək arta bilər. Proqnoza əsasən, artıq bu ilin ikinci yarısında "Brent"in qiyməti 70 dollaradək yüksələcək.
Qeyd edək ki, bir müddət əvvəl "SOCAR Trading"in (SOCAR-ın qlobal ticarət qolu) ticarət üzrə baş direktoru Xəyal Əhmədzadə 2021-ci il ərzində neftin bir barelinin qiyməti 80 ABŞ dollarına çata biləcəyini qeyd etmişdi.
Beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru, enerji eksperti Emin Axundzadə bu nikbinliyi Teleqraf.com-a şərh edib.
O bildirib ki, ABŞ-da havaların kəskin soyuq keçməsi qısamüddətli perspektivdə neft qiymətlərinin artımını şərtləndirib: “Ötən həftə ABŞ-da ortalama neft hasilatı 1.1 milyon barel azalıb. Bu, indiyədək Amerika tarixində ən böyük həftəlik hasilat azalması idi. Eyni zamanda ölkədə neft emalı zavodlarının (NEZ) aktivliyi təqribən 40 faiz aşağı düşüb. Həmçinin ABŞ-da, əsasən də Texasda bir neçə quyu fəaliyyətini dayandırıb. Yəni hasilatın azalması, NEZ-lərin fəaliyyətinin məhdudlaşdırılması öz növbəsində bazara təsirsiz ötüşməyib.
Prosesi uzunmüddətli perspektivdə dəyərləndirdikdə peyvəndlə bağlı müsbət dinamikanın davam etməsi də önəmli faktorlardan biridir. Qarşıdakı aylarda əsas göstəricilərdən biri peyvənd olacaq. Fevralın 24-nə olan ən son məlumatlara görə, dünyada 215 milyon dozadan çox peyvənd istifadə olunub. Bəzi ölkələrdə bu proses sürətli bir şəkildə həyata keçirilir.
Məsələn, İsraildə əhalinin 85 faizi, Birləşmiş Ərəb Əmirliklərində 53 faiz, ABŞ-da 20 faiz, Britaniyada 28 faiz vaksinasiya olunub. Bu rəqəmlər ciddi göstəricidir. Vaksinasiya prosesinin sürətlə getməsi enerji bazarlarında nikbinliyin artmasına təsir göstərir”.
Ekspert qeyd edib ki, ötən ilin aprel-may aylarında neft qiymətlərinə mənfi təsir göstərən əsas faktor COVID-19 pandemiyası olub: “Qlobal miqyasda neftə tələbin azalmasına və izafi neft həcmlərinin artmasına əsasən pandemiya səbəb olmuşdu. Təbii ki, hazırda bazarlarda müşahidə olunan müsbət dinamika peyvəndin insanlar üzərində effektiv təsirinin nəticəsidir. Yanvarın əvvəli ilə bu günü müqayisə etsək qlobal miqyasda virusa yoluxanların sayı 2.6 dəfə azalıb.
Bu dövrdə ABŞ-da virusa yoluxan insanların sayı 5 dəfə aşağı düşüb. Yoluxmaların azalması öz növbəsində karantin rejiminin yumşaldılması, tələbatın artması, iqtisadi aktivliyin bərpası mənasına gəlir. İqtisadi aktivlik bərpa olunursa, bu da neftə tələbatı artırır.
Artıq qlobal miqyasda anbarlarda saxlanılan neft ehtiyatlarında ciddi azalma müşahidə olunur. Bu onu göstərir ki, izafi neft ehtiyatları sürətlə azalır. Ötən həftə ABŞ-da ehtiyatlarda bir qədər artım müşahidə edildi, amma ümumilikdə ölkədə son 10 həftənin 8-də ehtiyatlar azalıb. Ötən ilin iyun ayı ilə müqayisədə neft ehtiyatları 80 milyon barel azalıb. Avropada neft ehtiyatları son 5 ayın, Çində isə son 1 ilin ən aşağı səviyyəsinə düşüb.
Ehtiyatların azalması neftə olan tələbatın artması anlamına gəlir. Bazarlar artıq satışa çıxarılan neft həcmlərini qarşılaya bilir”.
Analitikin sözlərinə görə, Asiya ölkələrində tələbat pandemiyadan öncəki səviyyəyə çatıb: “Hətta bəzi ölkələrdə neftə tələbat pandemiyadan əvvəlki səviyyəni ötüb. Məsələn, Asiyada yanvar ayında gündəlik 26.14 milyon barel neft istehlak olunub ki, bu da dekabrla müqayisədə 7.5 faiz çoxdur. Son 4 ayda Asiya ölkələrində istehlakın artması müşahidə olunur. Dünyada ən çox neft alan Çinin neft idxalı dekabrla müqayisədə yanvarda 33 faiz artıb.
Dünyanın dördüncü, Asiyanın üçüncü ən böyük neft idxalçısı Yaponiyada dekabrla müqayisədə yanvarda 15.2 faiz, noyabrla müqayisədə də isə təqribən 29 faiz artıb.
Cənubi Koreyada tələbat yanvar ayında 22.4 faiz, noyabra görə isə 32.2 faiz artıb”.
Emin Axundzadənin müşahidələrinə əsasən, artıq tələb və təklif arasındakı disbalans gözləniləndən daha sürətli şəkildə azalıb: “Disbalansın azalması qiymətlər üzərində müsbət təsirini göstərir. Son dövrlərdə proqnoz verən şirkətlərin bir çoxu gözləntilərini müsbət istiqamətdə dəyişir. Məsələn, “Goldman Sachs” investisiya bankına görə, ilin üçüncü rübündə neft qiymətləri 75-80 dollaradək arta bilər.
Yoluxmanın azalması, peyvəndləmə prosesinin artması hava yolu nəqliyyatında bərpa prosesini sürətləndirə bilər. Təyyarə yanacağı ümumi neft istehlakının təqribən 8 faizini təşkil edir. Bu, kiçik rəqəm deyil. Bununla yanaşı, yaz-yay mövsümündə turizm sektoru bir qədər canlanır, səyahət edən insanların sayı artır, nəticədə neftə tələbat da artır”.
Analitik deyir ki, ötən il neft qiymətlər həddən artıq düşdüyü üçün bu sektora investisiya qoyuluşları əhəmiyyətli dərəcədə azalıb: “Cari ilin ikinci yarısından sonra hasilatda azalmaları təbii yolla müşahidə edə bilərik. Hesab edirəm ki, aprel ayında OPEC+ ölkələri nisbətən hasilat artımına gedə bilər. Ciddi bir artım olmadıqca bazar hasilat artımını rahat şəkildə qarşılayacaq”.