“İrs Fondu” tərəfindən “İqtisadi Azadlıq İndeksi 2021” elan olunub. Hesabatda Azərbaycanın həm mövqeyində, həm də topladığı balla ciddi irəlilləyişlər qeydə alınıb. Qiymətləndirməyə görə, Azərbaycan dünyada bu hesabat üzrə 38-ci yerdə qərarlaşıb”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, sözügedən hesabatda Azərbaycandan bir pillə öndə Belçika, bir pillə sonra isə İspaniya yer alıb: “Praktik olaraq Azərbaycan Avropada bir sıra ölkələrdən daha yaxşı mövqeyə malikdir. Belə ki, Polşa 41-ci, Rumuniya 43-cü, Sloveniya 48-ci, Portuqaliya 52-ci, Macarıstan 55-ci, Slovakiya Respublikası 61-ci yerdədir. İqtisadi azadlıq indeksinə görə, bir sıra Avropa ölkələri ilə müqayisədə Azərbaycan ən yaxşı mövqeyə malik olan 40 ölkədən biridir”.
Vüqar Bayramovun sözlərinə görə, indeks hazırlanan zaman dörd istiqamət üzrə metodologiyaya uyğun qiymətləndirmə aparılıb: “Onlardan birincisi qanunun aliliyidir. Daha sonra hökumətin struktur baxımından ölçüsü, eləcə də tənzimləmənin səmərəliliyi və bazarın açıqlığı nəzərə alınıb. Azərbaycan həm qanunun aliliyi, həm də hökumətin ölçüsü baxımından altı kateqoriyanın hər birində öz mövqeyini daha da yaxşılaşdırıb. Tənzimləmənin səmərəliliyində Azərbaycanın monetar azadlıq üzrə mövqeyində artımlar var.
Qeyd edim ki, Azərbaycanın bu qiymətləndirmədə ən yüksək balı fiskal sağlamlığa görədir. Ölkəmiz mümkün 100 baldan 99.4 bal toplaya bilib.
Vergi sisteminə görə də ölkəmizin balı kifayət qədər yüksəkdir. Azərbaycan bu istiqamət üzrə 88.1 faiz bal yığıb.
Eyni zamanda monetar azadlıq üzrə Azərbaycan 73.2 bal yığıb. Biznes azadlığı uğrunda Azərbaycanın balı 80-dən yüksəkdir. Göründüyü kimi, əksər istiqamətlər üzrə Azərbaycan kifayət qədər yüksək bal yığıb ki, bu da praktik olaraq ölkənin mövqeyinə təsir göstərir”.
Deputat onu da vurğulayıb ki, bu hesabatda Azərbaycanın mövqeyinin yüksək olması, ölkədə aparılan islahatlara beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır: “Nəzərə almaq lazımdır ki, bu, dünyada qəbul edilən hesabatlardan biridir. Azərbaycanın mövqeyinin yaxşılaşması nəticə etibarilə ölkəmizdə həyata keçirilən islahatların beynəlxalq arenada daha yaxşı təqdimatını həyata keçirməyə imkan verir.
Bu indeks eyni zamanda investorlar üçün də vacibdir. Çünki burada vergi sistemi, fiskal, monetar, maliyyə, eləcə də hüquq sistemi üzrə qiymətləndirmələr var. Bütün bunlar investorların qərarına təsir göstərən faktorlardan biridir. Bu baxımdan bu hesabat Azərbaycana daha çox sərmayənin cəlb edilməsinə stimul yaradacaq”.