15 Aprel 2014 13:05
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ayı 0,3 faiz inflyasiya ilə başa vurmuşuq

Bu ilin mart ayında ölkədə ərzaq məhsullarının qiymətləri 0,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri ötən ayla müqayisədə 0,3 faiz bahalaşıb.

Ay ərzində qarabaşaq yarması, çörək, toyuq əti, yumurta, göyərti, çuğundur, kök, kartof, şəkər tozunun qiymətlərində ucuzlaşma, uzun və yumru düyü, buğda unu, balıq məhsulları, kolbasa məmulatları, kərə yağı, günəbaxan və qarğıdalı yağları, limon, portağal, naringi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, şabalıd, kələm, balqabaq, soğan, sarımsaq, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.
Bu ilin mart ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşıb. Birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri isə müvafiq olaraq 0,1 və 0,2 faiz bahalaşıb.

Məlumata görə, birillik bitkilərdən lobya dəninin istehsalçı qiymətləri 0,5 faiz, kələmin 1,0 faiz, kartofun 0,2 faiz, quru otun istehsalçı qiymətləri 0,6 faiz bahalaşıb.

Bahalaşan məhsullar sırasında göyərti də var - 1,1 faiz. Baş sarımsağın 0,1 faiz, baş soğanın 0,2 faiz, yoncanın istehsalçı qiymətləri isə 2,4 faiz ucuzlaşıb. Çoxillik bitkilərdən fındığın və qozun istehsalçı qiymətləri müvafiq olaraq 2,7 və 0,5 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 3,3 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 0,6 faiz, camışın 2,2 faiz, mal ətinin (diri çəkidə) 0,3 faiz, südün 1,8 faiz, diri qoyun və keçilərin 1,1 faiz, yumurtanın istehsalçı qiymətləri isə 4,6 faiz, ucuzlaşıb. Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 4,0 faiz bahalaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tarifləri mart ayında ucuzlaşıb, MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tarifləri isə bahalaşıb. Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri və digər xarici ölkələr üzrə müvafiq olaraq 0,4 və 1,9 faiz bahalaşma müşahidə olunub. MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,5 faiz ucuzlaşıb, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 1,8 faiz bahalaşıb.

Naibə QURBANOVA


Müəllif: