Ombusman Azərbaycanda əlillərin ipoteka krediti ilə mənzil alması üçün maneənin aradan qaldırılması təklifi ilə çıxış edib. Bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsində əksini tapıb.
Ombudsman ipoteka krediti ilə mənzil almaq və ya digər kreditlər əldə etməklə maddi vəziyyətini yaxşılaşdırmaq istəyən əlilliyi olan şəxslərlə sığorta müqaviləsinin bağlanmasını və onların bu hüquqdan istifadəsini məhdudlaşdırdığına görə Maliyyə Nazirliyi Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borc alanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3.2-ci yarımbəndinin (Sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır) çıxarılmasını təklif edib.
Maraqlıdır, sığorta müqaviləsinin ləğvi əlillərin problemini həll edirmi?
NBA Konsaltinq və Qiymətləndirmə Şirkətinin rəhbəri Nüsrət İbrahimov Teleqraf.com-a bildirib ki, ipoteka kreditində şərtlər ümumidir, burada əlillik nəzərə alınmır: “İki cür ipoteka var - adi (7-8%) və sosial ipotekalar (4%). Sosial ipotekalarda xüsusi güzəşt olan kateqoriyalı insanların siyahısı göstərilir. Burada 5 ilə qədər pedaqoji fəaliyyəti olanlar, xüsusi idman nailiyyətləri olanlar, elmi işçilər, müharibə iştirakçıları və digərlərinə güzəşt nəzərdə tutulsa da, əlilliyi olan şəxslərə güzəşt nəzərdə tutulmayıb. Əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur. Əlilliyi olan şəxslər növbəlilik əsasında mənzillərlə təmin olunurlar. Təbi ki, burada da müəyyən tələblər var. Mövcud tələblərə cavab verən imtiyazlı şəxslər sosial müdafiəsi ilə bağlı həyata keçirilən bu layihədən yararlana bilir”.
İpoteka krediti ilə mənzil almaq istəyən əlilliyi olan şəxslərlə sığorta müqaviləsinin ləğv olunmasına gəlincə, ekspert ipoteka krediti ilə mənzil alanda vətəndaşlarla iki növ sığorta müqaviləsinin bağlandığını deyib: “İpoteka ilə mənzil alınarkən əsasən həyat sığortası və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası bağlanır. Əgər həmin şəxs vəfat edərsə və yaxud əlil olarsa, onun riskini sığorta şirkəti daşıyır. Görünür Ombudsman sığorta fonduna dövlət təminatının verilməsini istəyir. Yaxşı olar ki, Ombudsman məsələyə aydınlıq gətirsin”.
Daşınmaz əmlak sektoru üzrə ekspert Elnur Fərzəliyev Teleqraf.com-a deyib ki, ipotekanın götürülməsi özü bir problemdir: “Əlilliyi olmayan şəxslər belə, əksər hallarda dövlət ipotekasından yararlana bilmirlər. Çünki şərtlər kifayət qədər çətindir. Şərtlərdən biri belədir - borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz. Yəni maaş elə həddə olmalıdır ki, bütün ailə üzvlərinin bir aylıq xərcləri çıxılır, yerdə qalan məbləğ ipoteka kreditini ödəyirsə, bu halda kredit verilir. Təklif olunan məruzədə dəyişən sığortadır. İpoteka krediti ilə mənzil alan vətəndaş hər il mənzillə yanaşı, özünü də sığortaladır. Bəs əlilliyi olan vətəndaşın gəliri imkan verirmi ki, ipoteka krediti alsın? İlk qaranlıq məqam budur. Əgər əlilliyi olan şəxsin aldığı təqaüd krediti bağlamağa imkan verirsə, eləcə də ailə üzvlərinin bir aylıq xərci qarşılanırsa, yaxud ailədə həyat yoldaşı yüksək maaş alırsa, bu halda ipoteka krediti verilə bilər. Təklifdə kredit şərtlərinin dəyişməsindən söhbət getmir, sadəcə qeyd olunub ki, sığorta bəndi çıxarılsın. Doğrudur, sığorta vətəndaşı hansısa xərcdən azad edir, amma ümumi illik və aylıq ödənişə, eləcə də digər xərclərə təsir etmir. Bir sözlə, Ombudsman əlilliyi olan şəxslər üçün kredit şərtlərinin olduğu kimi qalmasını təklif edir, sadəcə sığorta hissəsində müəyyən dəyişikliyin olmasını istəyir”.
Ekspert deyir ki, mütəmadi olmasa da, mərhələli şəkildə əlillər evlə təmin olunub: “Götürək Nərimanovda yerləşən Gözdən Əlillər Cəmiyyətini. Mənzil növbəsində olan gözdən əlillərə iki dəfə bina tikilib verilib. Amma ipoteka kreditləri tamam fərqlidir. Azərbaycanda tətbiq olunan ipoteka şərtləri hər kəsə şamil oluna bilmir. Məsələn, yüksək maaş alan şəxsə subay vaxtı ipoteka krediti götürmək sərf edir. Amma ailə qurduqdan sonra ailə üzvlərinin xərcləri çıxılır, yerdə qalan pul da əksər hallarda ipoteka kreditindən yararlanmağa imkan vermir. Bu gün ipoteka krediti ilə mənzil alanlar əsasən SOCAR-ın, BP-nin və yaxud da bank işçiləridir”.
Elnur Fərzəliyev qeyd edir ki, ipoteka krediti ilə mənzil alarkən aylıq ödənişin az olması üçün ya ilkin ödəniş çox olmalıdır, ya da kredit müddəti uzanmalıdır: “Nəzərə almaq lazımdır ki, müəyyən yaşdan sonra ipoteka krediti verilmir. Bu gün 25 illik ipoteka krediti ən cavan şəxslərə verilir, ehtimal edilir ki, borcalan 50-60 il yaşayacaq. Adətən 40-dan yuxarı yaşı olan şəxslərə həmin kreditlər 10 il müddətinə verilir, bu zaman da aylıq ödənişi yüksək olur. Yəni ümumi məbləğ 25 ilə yox, 10 ilə bölünür.
Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) təklif etdiyi evlərin aylıq ödənişi ortalama 200 manat civarındadır.
Təəssüf ki, Azərbaycanda daşınmaz əmlak sektoru bərbad vəziyyətdədir. İqtisadiyyatın ən gəlirli sahəsidir, amma düzgün idarə edə bilmirlər”.