“Azərbaycanda koronavirusla mübarizə İqtisadiyyat Nazirliyinin hesabına aparıldı”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Elman Sadıqov deyib.
O bildirib ki, günün aktual mövzusu karantin rejimidir: “İndi hamını bir sual düşündürür, qapanma vacibdirmi? Bu mövzuda hisslərə qapılmadan fikir yürütmək çətin hesab olunsa da, mümkündür. Hazırda yenidən sərt karantin rejimi gündəmə gəlməkdədir. Səbəb aydındır, Novruz bayramında əhalinin sıx təması, bayramlaşma koronavirusu daha geniş yaya bilər.
Bu, daha çox Səhiyyə Nazirliyinin mövqeyidir və haqlı narahatlıqdır. Amma karantin rejiminin əleyhinə olanların bir qismi rayona getmək istəklərini bildirir, bir qisim sərt karantinin maddi vəziyyəti, dolanışığı çətinlişdirdiyini əsas göstərir, bir qismi də psixoloji olaraq yorulduğunu söyləyir”.
İqtisadçı hesab edir ki, Azərbaycanda koronavirusla ən çox mübarizəni nə Səhiyyə Nazirliyi, nə də TƏBİB aparıb: “Azərbaycanda koronavirusla mübarizə İqtisadiyyat Nazirliyinin hesabına aparıldı. Yəni, virusla effektiv mübarizə iqtisadiyyatı bağlamaq, iflic etmək hesabına həyata keçirildi ki, bunun da gücü əvvəla İqtisadiyyat Nazirliyinin, sonra Mərkəzi Bank və Maliyyə Nazirliyinin üzərinə düşdü.
Amma əsas güc, əziyyət əhalinin, xüsusilə də kiçik və orta sahibkarların, günəmuzd işləyənlərin üzərinə düşdü.
Bəzi məsələlərdə nümunə götürdüyümüz Rusiya daxil olmaqla bir sıra ölkələrin tətbiq etdikləri sərt karantin və ən əsası SMS icazə tətbiq olunan günlərin saylarını statistik olaraq Azərbaycanla müqayisə etsək, son 1 ildə virusla mübarizəni sadəcə olaraq iqtisadiyyatın hesabına aparıldığını görürük. Azərbaycanda virus nəzarətdən çıxmadı deyilirsə, bu, səhiyyədən daha çox iqtisadiyyatın hesabına oldu.
Burada obyektivliyi pozmamaq üçün virusa yoluxan xəstələrə gecə-gündüz vicdanla xidmət edən həkim və tibb bacılarını istisna edirəm, onların əməyi, zəhməti, əziyyəti danılmazdır. Amma səhiyyə sistemi başqa, həkim və tibb bacıları başqa. Hələ burada nəzarət rolu oynayan polis orqanlarını demirəm. Çox ciddi statistik təhlillərə ehtiyac var. Məsələn, adambaşına virusa yoluxan xəstə və ölüm sayları ilə karantin günlərinin saylarını və Azərbaycandakı eyni məlumatları müqayisə etdikdə bu qədər sərt tədbirləri görməyən ölkələrdə də demək olar ki, eyni göstəricilərin olduğunu görürük”.
Analitik deyir ki, hər qapalı gün öz mənfi effektini verir və bərpa prosesi daha ağrılı, daha çətin və daha maliyyətli olacaq: “Dövriyyədəki pulun sürəti, iqtisadi fəallıq, təşviq paketləri və karantin günləri arasındakı nisbət və sair kimi dərin iqtisadi məsələlərə toxunmuram. Qeyd etdiyim və etmədiyim amillərin iqtisadi bərpa dövründə göstərəcəyi təsirləri, görülən və görülməli olan tədbirlərin göstərə biləcəyi gecikmə effektinin mənfi təsirləri başqa mövzudur.
İsrail yaxın 1-2 aya peyvəndləmə prosesini bitirəcək. ABŞ-da da proses sürətlə gedir. Ədalət naminə deyək ki, Azərbaycanda aparılan peyvəndləmə prosesi haqqında mənfi fikir söyləmək doğru olmaz. Gedişat və sürət bir çox ölkələrdən geri qalsa da, ümumilikdə təqdirəlayiq hesab olunur. Burada səhiyyə sisteminin rolu var.
İqtisadiyyatın bərpası prosesinə çox gec başlaması bir çox ciddi və yumşaldılması isə daha böyük maliyyə tələb edəcək risklər yaradacağı ehtimalı arta bilər”.
Ekspert hazırda neft qiymətlərinin 67 dollar ətrafında olduğuna diqqət çəkib: “Bu, Azərbaycan üçün çox optimal rəqəmdir. Ətrafımızda və dünyada nisbi sakitlikdir. Bunlardan istifadə edərək iqtisadiyyatın tədricən, səmərəli və məqsədyönlü bərpası üçün çox ideal şərait hesab oluna bilər. Çünki paralel olaraq peyvəndləmə də gedir. 2-3 ay sonra neft qiymətləri necə olacaq və ya ölkəmizə nisbətən yaxın dövlətlərdə, MDB məkanında, dünyada hansı proseslər olacaq?
Bu proseslərin iqtisadi cəhətdən ölkəmizə hansı müsbət və ya mənfi təsirləri olacaq? Dünyada 2-3 ay sonrakı göstəricilər və şəraitlər Azərbaycanın iqtisadi bərpa prosesinə müsbət və ya mənfi təsir göstərəcəkmi? Suallar çoxdur və ciddidir. Bu qədər ciddi və kəskin məsələlərin olduğu yerdə virusla mübarizənin yeganə yolunu sərt karantində görmək virusla daha səmərəli mübarizədə başqa vasitələrdə acizliyi etiraf etməkdir”.