19 Mart 2021 09:32
1 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Forbes” jurnalının ən varlı şəxsləri siyahısına adları düşən milyarderlərin necə gəlir əldə etmələri, zənginlikdən əvvəl nə işlə məşğul olmaları, evləri, şəxsi həyatları barədə araşdırmalar aparıb.

Araşdırmaları "Milyardların sahibi" rubrikasında təqdim edəcəyik.

Bu məqaləmiz dünyanın ən varlı geyim istehsalçısı olan ispaniyalı Amankio Orteqa həsr olunub. O, 1936-cı il martın 28-də İspaniyanın Busdongo de Arbas şəhərində doğulub.

Gələcək sahibkarın atası dəmiryol işçisi, anası isə qulluqçu olub. Hələ 13 yaşındaykən təhsil almaqla ailəsinə maddi kömək etmək seçimi qarşısında qalan Amankio orta məktəbdən imtina edir. O, heç vaxt məktəbi bitirməyi bacarmır. İlk vaxtlar geyim mağazasında işə başlayır və hazır sifarişləri ünvana çatdırır. Daha sonra varlı insanlar üçün əşyalar tikən bir dərzinin yanında köməkçi kimi çalışır. İşini yerinə yetirən Amankio dərzilik sənətinin xüsusiyyətlərinə diqqətlə baxır, tikiş və kəsmə incəlikləri ilə tanış olur və öz işinin xəyallarını qurur.

Ailə tez bir zamanda İspaniya tekstil sənayesinin mərkəzi olan A Coruna şəhərinə köçür. Təcrübəsi sayəsində 14 yaşlı Amankio Orteqanı “La Maja” qalereya dükanında işə götürürlər. O bu mağazada gələcək həyat yoldaşı Rosalia Mera ilə tanış olur.

Amankio 60-cı illərdə bir paltar mağazasında menecer işlədiyi vaxt bahalı paltar bazarının nə qədər kasad olduğunu anlayır. Buna görə o, keyfiyyətli parçaların üzərində özünün yaratdığı və nisbətən ucuz başa gələn naxışlardan istifadə etməyə qərar verir ki, bu da istehsalın maya dəyərini aşağı salır. Nəticədə mağazalarda satılanlardan geri qalmayan, eyni zamanda daha qənaətcil paltarlar ərsəyə gəlir. Amankio bununla dəb geyimlərini əksər insanlar üçün əlçatan edir.

Birinci həyat yoldaşı Rosalia Mera

Uğura gedən yol

Orteqa hər şeyə əzmi və əməyi sayəsində nail olur. 1972-ci ildə “Confecciones GOA” trikotaj fabrikini qurur. Əvvəlcə həyat yoldaşı Rosalia ilə evinin salonunda gecə paltarları, xalatlar tikib satırlar. Amankio Orteqa bir gün məşhur və çox bahalı bir markanı “kopya”lamaq qərarına gəlir. Daha sonra bahalı əşyaların “kopya”lanması prinsipi ilə öz markasının təməlini qoyur.

1975-ci ildə həyat yoldaşı Rosalia Mera ilə “Zara” mağazasını açır. Aldıqları böyük bir sifarişin ləğvi ilə əlaqədar Orteqa cütlüyü paltarları təkbaşına satmağa başlayır.

1985-ci ildə “Zara” mağazalar şəbəkəsi əsasında “Inditex” korporasiyası yaradılır.

1988-ci ildə Portuqaliyada, Parisdə, Nyu-Yorkda “Zara” mağazalarını açır.

1999-cu ildə “Stradivarius” mağazalar şəbəkəsini yaradır.

2001-ci ildə Orteqa “Inditex” səhmlərinin dörddə birini açıq bazara çıxarır. Tələb o qədər çox olur ki, şirkətin səhmlərinin qiyməti qalxır. Nəticədə şirkətin kapitallaşması miqyasdan çıxır və Orteqa dünyanın ən varlı insanları arasında yer alır.

2015-ci ildə qısa bir müddət ərzində “Zara”nın ana şirkəti “Inditex” olaraq sərvəti 80 milyard dollara çatan iş maqnatı dünyanın ən zəngin adamı olub.

2011-ci ildə Amankio Orteqa 75 yaşında “Inditex”in prezidenti vəzifəsini Pablo İslaya təhvil verərək istefa verir. Ancaq korporasiyanın 59 faiz hissəsinə sahib olan iş adamı dizaynın inkişafında işçilərə məsləhət verməyə davam edir.

2012-ci ildə Orteqa 39,5 milyard dollarlıq sərvəti ilə Avropanın ən varlı adamı seçilir. Analoji uğur 2013-cü ildə də davam edir. Belə ki, iş adamı 57 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanları siyahısında üçüncü yeri tutur.

2019-cu ilin dekabr ayında Orteqanın sərvəti 68,3 milyard dollar olub, bu da onu Avropanın ən zəngin altıncı adamı edib.

Hazırda “Forbes” siyahısında Amankio Orteqa 79.6 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin 8-ci insanıdır.

“Massimo Dutti”, “Pull & Bear”, "Zara”, “Zara Home”, “Oysho”, “Kiddy's Class”, “Tempe”, “Stradivarius”, “Bershka” da kimi markaları özündə birləşdirən “Inditex”in moda bazarında 141.192 işçisi var. “Inditex” korporasiyası ümumilikdə 88 ölkədə 7 minə yaxın mağazanı birləşdirən ən böyük şirkətlər qrupudur.

Əzm və çalışqanlığı sayəsində Orteqa dünyada ən nüfuzlu iş adamlarından biri olmağı bacarır.

Onun 5 məsləhəti

Həyatın sınaqları Orteqanın xarakterini incidir, amma onun mehriban ruhuna və incə təbiətinə təsir etmir. Onun beş sadə məsləhəti var:

  1. Sadə olmaqdan qorxma. Bütün insanlar bərabərdir, buna görə də heç kimin özünü başqalarından daha yaxşı və üstün saymağa haqqı yoxdur.
  2. İşinizə aşiq olun. İstehsalda gəzmək, baş verən hər prosesi ətraflı araşdırmaq, işçilərlə söhbət etmək, gələcək geyimlər üçün material seçməkdən böyük zövq yoxdur. Buna görə etdiklərinizdən nə qədər ləzzət və müsbət duyğular alsanız, gerçəkliyə çevrilmə şansı o qədər çox olacaq.
  3. İşinizdən heç vaxt razı qalmayın. Qazandığınız uğurlara və “kor nikbinliyə” arxalanmaq sizi heç vaxt əhəmiyyətli bir yerə aparmayacaq.
  4. Ailənizi və şəxsi məkanınızı qiymətləndirin. Ailənizlə bağlılığınız nə qədər güclüdürsə, sizi məğlub etmək o qədər çətindir.
  5. İtkilərinizdən qorxmayın, buna gedin.

Həyat tərzi

Orteqa jurnalistlərlə görüşmür, bu günədək üç müsahibə verib, ictimaiyyət qarşısında açıqlamalardan yayınır. O, küçədə yalnız ailəsi, dostları və birlikdə işlədiyi insanlar tərəfindən tanınmaq istəyir.

Amankio Orteqa 1966-cı ildə ilk həyat yoldaşı Rosalia Mera ilə evlənir. Cütlük 1986-cı ildə boşanır. Rosalia Mera 2013-cü ildə vəfat edir. İş adamı 2001-ci ildə Flora Perez Markote ilə ikinci dəfə ailə qurur. Orteqanın birinci evlilikdən iki övladı var, ancaq ikinci arvadından olan qızı onun varisi sayılır. Onun yeganə oğlu doğuşdan fiziki cəhətdən əlildir.

Orteqa hazırda İspaniyanın rəsmi olaraq ən varlı təqaüdçüsüdür. Söhbətlərinin biridə deyir: “Mən sona qədər çalışmağa davam edəcəyəm”.

Orteqa vaxtının çox hissəsini İspaniyada keçirərək sadə bir həyat tərzinə üstünlük verir. O, şirkət işçiləri ilə bir yeməkxanada nahar edir, hər kəsin fikrini soruşur, istənilən səviyyədə çalışanlarla ünsiyyət qüruru. Axına qarşı üzən Amankio Orteqa hamını qabaqlamağı bacarır.

Amankio Orteqadan stat: "Məni insan, təşəbbüskar və vətəndaş kimi yetişdirən həyat təcrübələri dəyərli hesab etdiyim bir sıra prinsiplərə əsaslanır: Həmrəylik, anlaşma, öhdəlik, çalışqan, etibarlılıq və sədaqət".

Orteqa asudə vaxtlarında at sürməyi sevir.

Qızı Marta Orteqa

Həyat yoldaşı Flora Perez Markote

Yatırımları

İspan iş maqnatının tekstillə yanaşı, daşınmaz əmlak, qaz sənayesi, bankçılıq, turizm kimi digər şaquli sahələrə də sərmayə qoyduğu bilinir. Orteqa ildə 400 milyon dollardan çox divident qazanır. Dividendlərini ilk növbədə Madrid, Barselona, ​​London, Çikaqo, Mayami və Nyu-Yorkdakı daşınmaz əmlak portfelinə sərmayə yatırır.

2012-ci ildə Orteqa Roma katoliklərinin yardım təşkilatı olan “Caritas Internationalis”ə təxminən 20 milyon avro bağışlayır.

Xeyriyyəçiliyi

Amankio Orteqa Fondu

2001-ci ildə qurulan Amankio Orteqa Fondu (Fundacion Amancio Ortega) milyarderin özünün 60 milyon dollarlıq ilk sərmayəsi ilə fəaliyyətə başlayır. On ildə təşkilat dünyanın ən görkəmli xeyriyyəçilik müəssisələrindən birinə çevrilir. Amankio Orteqanın əsas məqsədi məlumat, mədəniyyət, təhsil, tədqiqat, sosial və qayğı fəaliyyətləri və elm sahələrində istedadlı şəxslər üçün yeni məkanlar açmaqdır.

Baş ofisi Arteixoda yerləşən fond İspaniyanın Qalisiya əyalətinin ehtiyaclarına cavab vermək üçün qurulsa da, dünyada fəaliyyətini ildən-ilə genişləndirib.

Hazırda fonda Orteqa rəhbərlik edir, ikinci həyat yoldaşı Flora Perez Markote isə vitse-prezident vəzifəsini icra edir.

2017-ci ilin iyul ayında İspaniyanın Fondlar Birliyi (AEF) mükafatlarının ikinci buraxılışı üçün Amankio Orteqaya “2017 Xeyriyyəçi Təşəbbüs” kateqoriyasında mükafat verir.

Orteqa İspaniyada xərçənglə mübarizə aparmaq üçün 300 milyon avro bağışlayır, vəsait bu xəstəliyi aşkar etmək üçün 440 aparatın alınmasına xərclənir. Bunun nəticəsində stereotaktik radioterapiya aparatları ilə təchiz olunmuş İspaniyanın dövlət xəstəxanalarının sayı 20-dən 70-ə yüksəlir.

Orteqanın koronavirus pandemiyası nəticəsində 10 milyard dollar itirdiyi bildirilir.

Əhəmiyyətsiz hesab etdikləri

O, mühafizəçilərlə gəzməyi sevmir, sərbəst insan kimi yaşamağa can atır.

İctimaiyyət Orteqanın ilk fotosunu 2001-ci ildə görüb. Buna görə də Qərb mediası Orteqanı “ispan terminatoru”, “sirli adam” adlandırır.

Ən böyük moda markalarından birinin sahibi olmasına baxmayaraq, rahat geyinməyi sevir və dəbə çox da əhəmiyyət vermir. Əsasən eyni paltar dəstini geyinir. İş görüşmələrində ağ köynək, mavi blazer pencək və boz şalvar geyinir. Kostyum geyinməyi və qalstuk taxmağı sevmir. Deyirlər Orteqa son dəfə toyunda kostyum geyinib, qalstuk taxıb. “Zara”nın rəhbərləri də qalstuk taxmırlar.

Qarderobunda “Zara” məhsullarına xüsusi yer vermir.

Çox pul heç vaxt onun diqqətini dəyişdirmir. O, hər gün işə gedir və nadir hallarda tətilə çıxır, işini başqasına tapşırmağa nifrət edir. "Zara”ya heç vaxt tanıtım kampaniyası keçirməyib.

Dünyanın ən böyük pərakəndə tekstil markalarından birinin sahibi kimi çox utancaqdır.

Orteqa 85 yaşında olsa da, səhərlər idman salonunda iki vaxt saat keçirir.

Avtomobilləri

Əsasən qara rəngli “Mercedes-Benz S-Class (W221)” və qara rəngli “Mercedes-Benz GL-Class (X166)” sürür. Onun kolleksiyasında “Audi A8”, “Volkswagen”, “BMV” markalarına da rast gəlinir.

Milyarderin “Global Express BD-700” markalı şəxsi lüks təyyarəsi var, qiyməti 45 milyon dollardır.

Mülkləri

Orteqa İspaniyada təvazökar bir mənzilə sahibdir. Madrid şəhərində yerləşən “Torre Picasso” adlı göydələnin qiyməti 536 milyon dollardır.

“Torre Picasso” 1988-2007-ci illərdə “İspaniyanın ən yüksək binası” ünvanını qoruyub. Göydələn hazırda Madriddə beşinci, İspaniyada isə onuncu ən yüksək binadır.

1980-ci ildə “Torre Picasso”nun inşaatı üçün lisenziya verilir. Madriddəki ən yüksək ofis kompleksinə çevrilmək üçün inşaat 1982-ci ildə başlayıb, 1988-ci ildə başa çatdı. “Torre Picasso” beş əlavə mərtəbə istisna olmaqla, təxminən 43 mərtəbədən ibarətdir, 26 lifti var. Binada ticarət mərkəzi, ofislər və evlər yerləşir.

“Torre Picasso”

Orteqanın ikinci əzəmətli mükü ABŞ-ın Florida ştatının Mayami şəhərində yerləşir. Amankio Orteqanın sahib olduğu “Epic Residences & Hotel” ABŞ-ın ən yaxşı lüks otellərindən biri sayılır. Otel 54 mərtəbədən ibarətdir, qiyməti bilinmir.

“Epic Residences & Hotel”


Müəllif: Yeganə Oqtayqızı