“Türkiyə lirəsi dəyər itirməkdə davam edir. Milli valyutası ABŞ dollarına nisbətən mart ayına 7.3 məzənnəsi ilə başlayan Türkiyədə hazırda 1 dollara 8.26 lirə ödəmək lazımdır. Bu o deməkdir ki, lirə son bir ayda 13 faiz ucuzlaşıb. Qardaş ölkədə inflyasiya səviyyəsi 15.6 faiz yüksəlib. Lirənin ucuzlaşması fonunda istehlak bazarında da qiymət artımı müşahidə edilir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, lirənin ucuzlaşması fonunda son illər Türkiyədə ümumi ixracatın artması qeydə alınıb: “Ötən il Türkiyə ixracatı 169.5 milyard dollar olub. Son 4 ildə qonşu ölkənin ixracatı 18.8 faiz artıb. Güclü dollar fonunda ucuzlaşan Türkiyə lirəsi yerli məhsulları xarici bazarda daha rəqabətqabiliyyətli edib”.
Vüqar Bayramov ehtimal edir ki, lirənin ucuzlaşması Türkiyə ilə Azərbaycanın iqtisadi əlaqələrinə xüsusi təsir etməsə də, bu, qonşu ölkədən idxalı artıra bilər: “4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi.
Son illər Azərbaycanla Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır.
Bu baxımdan, qardaş ölkə ilə ümumi ticarət dövriyyəmizdə xüsusi azalma gözlənilmir. Bununla yanaşı, lirə dəyər itirməkdə davam edərsə və qardaş ölkədə istehsal xərcləri milli valyutada kəskin artmazsa, o zaman Azərbaycanda da türk malları ucuzlaşa bilər”.