31 Mart 2021 14:39
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanının icrasını təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL), “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkiblərini təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl SOCAR-la bağlı da analoji sərəncam imzalanmışdı.

İqtisadçı Natiq Cəfərli sərəncamı Teleqraf.com-a şərh edib. O bildirib ki, İnvestisiya Holdinqi dövlət şirkətlərinin idarəedilməsinin təkmilləşdirilməsi, onların rentabelli çalışmasının təmin edilməsi, izafi xərclərin, o cümlədən büdcədən alınan dotasiyaların azaldılması üçün yaradılıb: “Ötən ilin avqust ayında təsis olunan İnvestisiya Holdinqinə dövlət şirkətlərinin normal şirkətlər kimi idarə olunması, izafi xərclərin azaldılması kim məsələlərdə mühüm rol oynaması tapşırığı verilib.

Növbəti mərhələdə müşahidə şuraları yaradılmalıdır ki, SOCAR-dan sonra bir neçə dövlət şirkətlərində bunu görürük. Çox güman ki, Holdinqin tərkibinə verilən şirkətlərin əksəriyyətində müşahidə şuraları yaradılacaq”.

Analitik təəssüflə qeyd edib ki, müşahidə şurasının yaranmasından sonra səlahiyyət və məsuliyyət bölgüsünün hansı formada aparılması ilə bağlı məlumat yoxdur: “Məsələn, bu gün SOCAR-da müşahidə şurası da var, şirkətin prezidenti və vitse-prezidentləri də var. Onların qərarvermə mexanizmində hansı formada iştirak edəcəyi bilinmir. O cümlədən ötən gün yaradılan müşahidə şuralarının məsuliyyət və səlahiyyət bölgüsünü necə həyata keçiriləcəyi bəlli deyil. Yəqin ki, növbəti mərhələdə bu sualların cavabı aydın olar.

Belə bir təəssürat yaranır ki, həmin şirkətlərin rəhbərliyində təmsil olunanlar doğru-düzgün çalışsaydılar yeni orqanların yaradılmasına ehtiyac qalmazdı. Yəqin bu müşahidə şuralarının yaradılması idarəetmənin təkmilləşdirməsi üçün nəzərdə tutulur. Əgər belədirsə, o zaman səlahiyyətlərin və məsuliyyətin bölgüsü də aydın şəkildə olmalıdır.

Məsələn, AZAL-la bağlı qərarları kim, necə verəcək və hansı formada həyata keçiriləcək? Bütün bu suallar cavablandırılmalıdır və qanunvericilik şəklində təsdiq olunmalıdır. Bu zaman qərarların verilməsində kimin məsuliyyət daşıyacağı və həmin qərarların icra mexanizminin necə olacağı barədə ictimaiyyətə aydın təsəvvürlər olacaq”.

Ekspert qeyd edib ki, İnvestisiya Holdinqinin əsasnaməsinə görə, dövlət şirkətlərinin gəlirlə işləməsi təmin edilməlidir: “Holdinqin əsas vəzifəsi büdcədən ayrılacaq dotasiyalardan tamamilə imtinaya nail olmaq və həmin qurumların gəlirlə işləməsini təmin etməkdir.

İnvestisiya Holdinqi ancaq dövlət şirkətlərinin gəlirlə işləməsini təmin edəndən sonra gəlir götürəcək. Başqa sözlə, birinci növbədə dövlət şirkətləri mənfəətlə işləməlidir ki, İnvestisiya Holdinqi mənfəətin 25 faizini götürmək səlahiyyətindən istifadə edə bilsin.

Belə nəticəyə gəlmək olur ki, İnvestisiya Holdinqi dotasiyaların tamamilə ləğv edilməsi üçün işlər görməlidir, izafi xərcləri azaltmalıdır. Çünki dövlət şirkətlərinin ziyanla işləməsinin ən başlıca səbəbi müxtəlif üsullarla xərclərin şişirdilməsidir. Bu da dövlət şirkətlərinin rentabelliyini azaldan əsas amildir.

Təbii ki, bu struktur islahatlarının bir nəticəsi olmalıdır. Bu şirkətlər gəlirə çıxmalıdır, dövlətdən dotasiya almamalıdırlar. Bunun üçün də İnvestisiya Holdinqi daha ciddi islahat proqramı təqdim etməlidir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər