Teleqraf.com “Forbes” jurnalında dünyanın ən varlı şəxsləri siyahısında adları keçən milyarderlərin necə gəlir əldə etmələri, zənginlikdən əvvəl nə işlə məşğul olmaları, şəxsi həyatları barədə araşdırmalar aparıb.
Araşdırmaları "Milyardların sahibi" rubrikasında təqdim edəcəyik.
Bu dəfəki məqaləmiz dünyanın ən varlı şəxslərindən olan misirli iş adamı Nassef Savirisə həsr olunub.
O, 1961-ci ilin yanvarın 19-da Qahirədə anadan olub.
Atası Onsi Saviris
Atası Onsi Saviris Misirin tanınmış iş adamlarından biri olub. Onun 3 oğlu var – Naqib Saviris (1954-cü il), Sami Saviris (1957-ci il) və Nassef Saviris (1961-ci il).
“Forbes”ə görə, 2012-ci ildə Onsi Savirisi 2.9 milyard dollarlıq sərvəti ilə Misirin ən varlı adamları siyahısında üçüncü yerdə olub. Onsi tikintiyə başlamadan və ölkənin ən böyük podratçılarından birinə çevrilmədən əvvəl kənd təsərrüfatı ilə məşğul olub.
Onsinin Sürixdə təhsil alan böyük oğlu Naquib “Orascom Telecom”un icraçı sədri və Misirdə bir media sahibidir.
Berlində təhsil alan Sami Saviris “Orascom Development” şirkətinin sədri və icraçı direktorudur.
Çikaqo Universitetindən məzun olan Nassef Saviris isə “Orascom Construction Industries” (OCI) şirkətinin baş icraçı direktorudur.
Sərvəti
"Orascom Construction"
Atasının sərvəti Nassefin biznesə sıfırdan başlamadığını göstərir. Nassef Savirisin sərvətinin mənbəyi əsasən tikinti və kimyəvi maddələrdir.
2021-ci il fevralında sərvəti 8.7 milyard dollara çatan Nassef, həmin il “Afrikanın ən zəngin” ikinci insanı olur.
“Forbes”ə görə, bu ilin martında Nassef Savirisin sərvətinin xalis dəyəri 8,3 milyard dollar olub.
Ailəyə məxsus 1950-ci ildə qurulan mühəndislik, satınalma və inşaat şirkəti “Orascom Construction” Misirin ilk çoxmillətli korporasiyasıdır və hazırda 25-dən çox ölkədə fəaliyyət göstərir. Bu korporasiya Misirdə turizm, telekomunikasiya, inşaat, elm, texnologiya və s. daxil olmaqla bir çox sənayedə fəaliyyət göstərir.
Uşaqlıqdan atasının işinə maraq göstərən Nassef 1990-cı ildə “Orascom” korporasiyasının inşaat sahələrinə rəhbərlik etməyə başlayır. O, 2015-ci ildə “Orascom Construction”i iki quruma bölür. Nassef “Orascom” qrupun törəmə şirkəti olan “Orascom Construction Industrie”in (OCI) icraçı direktoru və idarə heyətinin üzvü kimi fəaliyyət göstərir. Misir, Cəzayir, Hollandiya, eləcə də ABŞ-ın Texas və Ayova ştatında fəaliyyət göstərən “OCI” dünyanın ən böyük azot gübrəsi istehsalçısı kimi tanınır.
Nassef Saviris eyni zamanda dünyanın ən böyük inşaat materialları konqlomeratı (firmaların birləşməsi) olan “Lafarge”nin ən böyük səhmdarlarından biri və idarə heyətinin direktorudur.
İdman geyimi istehsalçısı “Adidas”da təxminən 6 faiz pay sahibidir və alman şirkətinin müşahidə şurasında oturur.
Bundan əlavə o, nəhəngi sement istehsalçısı “Lafarge Holcim”də də pay sahibidir.
“Forbes” 2008-ci ildə ailənin kollektiv sərvətini 42 milyard dollar olaraq qiymətləndirib.
İdmana investisiya
“Aston Villa”
Əvvəllər futbol klublarını idarə etmək təcrübəsinə sahib olmasalar da, ailənin onilliklərdir qazandığı təcrübə idmana yatırılan investisiyaları artırıb.
Nassef Saviris 2020-ci ilin dekabrında “NBA Knicks” basketball və “NHL Rangers” buz-xokkey komandalarının sahibi kimi, Nyu-Yorkda müxtəlif idman sahələri üzrə fəaliyyət göstərən “Madison Square Garden Sports” firmasının 5 faiz hissəsini satın alır.
O, eyni zamanda “Aston Villa” futbol klubuna da rəhbərlik edir. Milyonçu “Aston Villa”nı almaq üçün 2018-ci ildə “Fortress Investment Group”u “Wes Edens”lə birləşdirib.
Misirli milyarderin ailəsinə məxsus özəl investisiya qrupu olan “NNS Holding” müxtəlif peşəkar idman sahələrdə ən tanınmış komandaları özündə birləşdirən “Madison Square Garden Sports Corp.”da (MSG Sports) 5,02 faiz paya sahib olduğunu açıqlayıb. Tənzimləmə sənədinə görə, “NNS Holding”in payı 2021-ci ilin mart ayına qədər 6,3 faizə çatacaq.
Bundan əlavə, 2019-cu ildə misirli tələbələrə yardım etmək və icraçı təhsil proqramını maliyyələşdirmək üçün məzun olduğu universitetə 24,1 milyon dollar bağışlayır.
Dini inancı
Ailə Misirdə kopt xristian azlığının nümayəndəsidir. Koptların dini ayinləri pravoslav ənənələrinə bənzəyir, ət və süd məhsullarından imtina ediblər.
Misirdə islami inanıcına görə Savirisə yanaşma birmənalı olmayıb. O, 2012-ci ildə şəxsi tvitter hesabından cizgi film obrazı “Mickey Mouse”un niqab taxmış, yalnız gözləri görünən bir şəklini paylaşır.
Savirisin insanların inancına toxunan bu paylaşımı onu qəzəbli kütlənin sərt reaksiyası ilə üzləşdirir. O, Tvitter səhifəsindən üzr istəyərək şəkli silir: "Bunu zarafat kimi qəbul etməyənlərdən üzr istəyirəm. Bunun sadəcə gülməli bir şəkil olduğunu düşündüm, hörmətsizlik demək deyil. Üzr istəyirəm”.
Ancaq on minlərlə insan feysbukda və digər sosial mediada onu qınayan qruplar yaradır. Hətta mühafizəkar müsəlman qruplar Savirisin şirkətlərini boykot etmək üçün çağırışlara da başlayır.
Saviris dünyəviliyin tərəfdarı idi. O, ölkəsində üzüörtülü və örtüklü qadınların sayının artması daxil olmaqla İslam fundamentalizminin yayılmasına qarşı çıxış edirdi.
Siyasət və iş həyatı
Saviris 2011-ci ilin fevral ayında Misirin devrilmiş diktatoru Hüsnü Mübarək əleyhinə etirazları ilə seçilib. Hökumətin idarəçiliyindən narazı olan Nassef Saviris ailəsi ilə birlikdə Qahirədən uzaqlaşıb Fransada yaşamaqla bağlı qərar verir.
O, Müsəlman Qardaşlarını və onun lideri Məhəmməd Mursinin də tənqidçisi olub. Prezident Məhəmməd Mursiyə qarşı kampaniyanı dəstəkləyən misirli iş adamı açıqlamasında müxalif olduğu üçün müstəsna vergilərlə ailə müəssisələrinin vurulduğunu deyib.
Nassef Saviris 2011-ci ildə Məhəmməd Mursi hakimiyyətə gələndən sonra sərbəst sürgününə son verərək atası və 8 nəfərlik ailə üzvü ilə birlikdə Fransadan ölkəsinə dönür. Sərt tənqidlərinə baxmayaraq Qahirə hava limanında iqtisadi böhranla qarşılaşan bir hökumət tərəfindən isti qarşılanır və islamçı prezidentin elçisi ona çiçəklər təqdim edir. Qarşılanma sırasında Saviris prezidentin elçisinə Mursiyə çatdırmaq üçün bir zərf də verib.
Ölkə iqtisadçıları maqnatın qayıtmasını və prezidentdən göstərilən səmimi qarşılanmanın investisiya mühitinə, siyasi qeyri-sabitliyin təsirinə məruz qalan işgüzar münasibətlərə təkan olacağını düşünürdülər.
Məlumata görə, 2013-cü ildə “Orascom Group”a vergi sanksiyası tətbiq olunur. İddiaya görə, 2007-ci ildə “OCI”nin törəməsi olan “Orascom Building” fransız firması “Lafarge”ə satılan zaman 14 milyard funt sterlinq vergidən yayınmaya yol verilib. Şirkət satınalma əməliyyatlarında yol verilən qanun pozuntusu səbəbindən Misir vergi orqanlarına 1,2 milyard dollara qədər vergi cəriməsini ödəməyi qəbul edir. Lakin 2014-cü ildə “Orascom” inşaatın Misirə vergi ödəməsini dayandırdığı məlum olub. “OCI”nin Misir Vergi İdarəsi ilə davam edən məhkəmə çəkişməsi getdikcə böyüyür.
2007-ci ilə qədər səlahiyyətli orqanlar tərəfindən birja əməliyyatlarını vergidən azad kimi tanınıb. Buna səbəb isə birja əməliyyatlarının köhnəlməsi olub. Deyilənə görə, iddianın kökündə də bu dayanıb.
O vaxt hökumətin “OCI” ilə vergi mübahisəsi firmanın baş icraçı direktoru Nassef Savirisə və atasına səyahət qadağası qoymağa səbəb olub. Eyni zamanda ölkədən xaricdə olsa da, qayıtdığı zaman Savirisin həbs olunma ehtimal da var idi.
Lakin rəsmilər Fransadan ölkəsinə dönən iş adamı barədə qərarı dəyişir. Belə ki, Saviris qardaşlarının idarə etdiyi firmanın vergidən yayınmaqla bağlı məhkəmə iddiası, eyni zamanda Nassefi və atasına qarşı tətbiq olunan səyahət qadağası ləğv edilir.
İş adamı mətbuata açıqlamasında Misirə əvvəllər olmadığı qədər sərmayə qoyacaqlarını deyib.
“Orascom” şirkətlər qrupu Misirdə ən böyük işəgötürən özəl sektorlardan biridir. Məlumata görə, 2013-cü ildə şirkətlər qrupu 100 mindən çox misirlini işlə təmin edib.
Ailə həyatı
Şerine Saviris
Nassef Saviris nə qədər tanınmış olsa da, ailəsini, yaşadığı evi, mülklərinin siyahısını, dəbdəbəli yaşamını gizli saxlamağı üstün tutur. Mediada onun ailəsi və övladları haqda məlumata demək olar ki, rast gəlmək olmur. Möhkəm imicli Nassef sementlə müqayisə olunur.
Şerine Savirislə evli olan inşaat maqnatının 4 övladı var. Məlumata görə, onlar Londonda yaşayırlar.
Yerli media Şerine haqqında çox şeyin bilinməməsini onun kifayət qədər aşağı səviyyəli olması ilə əlaqələndirir. Bəzi məlumatlara görə, Şerine misirlidir, üç dildə danışır.
O, Qahirədəki Amerika Universitetinin biznesin idarəetməsində incəsənət və iqtisadiyyat ixtisası üzrə məzun olub.
Şerine “Saviris” vəqfinin müvəkkilidir. Bu fond Misirin inkişafına töhfə vermək, davamlı iş imkanları yaratmaq və vətəndaşlara öz potensiallarını reallaşdıran məhsuldar həyat qurmaq üçün güc vermək məqsədi daşıyır.
Şerinenin Misirdə, Londonda və Nyu-Yorkda evləri var.
O, Londondakı xeyriyyə təşkilatı “Hope Chain”in (Ümid Zənciri) səfiridir.
Avtomobil
Nassef Saviris ailədə ən diqqətçəkən addır. Əsasən “Audi Q5” avtomobilini idarə etməyə üstünlük verir. Bundan əlavə, onun avtomobil kolleksiyasında “A Range Rover Sport”, “Mercedes-Benz”, “A Bentley” kimi markalara da rast gəlinir. Nassefin lüks bir gəmisi də var.
Mülkü
Nassef Saviris 2014-cü ildə 70 milyon dollar dəyərində şəhərin ən bahalı kooperativindən bir dairə alır. Park və şəhər mənzərəli 16 otaqlı dairənin beş yataq otağı və səkkiz hamam otağı var.