“Böyük Britanıya, eləcə də Avropa İttifaqı ölkələrində müşahidə edilən iqtisadi bərpa fonunda avro və əksər səbət valyutalar dollara nisbətən möhkəmlənib”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
İqtisadçının müşahidələrinə əsasən, dollar dünənki birjada da avroya nisbətən 0.4 faiz dəyər itirib: “Avropada intensivləşən vaksinasiya prosesi də avronun xeyrinə işləyib. Bununla belə, hələlik dolların səbət valyutalara nisbətən ciddi dəyər itirməsi proqnozlaşdırılmır.
Aparıcı valyutalara nisbətən dəyər itirən dollar inkişaf etməkdə olan ölkələrin valyutaları ilə müqayisədə güclü mövqeyini qoruyub saxlayıb. Əksər region ölkələrində ABŞ pulunun milli valyutalara təzyiqi qalmaqdadır.
Aparıcı valyutalara nisbətən ABŞ pulunun zəifləməsi manatın dollara nisbətən möhkəmlənəcəyi anlamına gəlməməlidir”.