“Pandemiyanın təsirlərinə rəğmən bu ilin birinci rübündə qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 16,4 faiz artaraq 501,6 milyon dollar təşkil edib. Bu, bütövlükdə müstəqillik illərində ən böyük həcmdə rüblük qeyri-neft ixracatıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, ilkin rəqəmlərə görə, Azərbaycanın qeyri-neft ixracatında Türkiyənin payı artıb: “Qardaş ölkə bu ilin ilk ayında da 36.1 faiz payla Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkə olmuşdu. Bu isə ondan xəbər verir ki, Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmində artımlar var və bu da ümumi ixracatımızı artırıb.
Qeyd edək ki, bu ilin mart ayından etibarən Azərbaycanla Türkiyə 15 əsas mal qrupu üzrə preferensial (seçim) ticarət rejimi qüvvəyə mindi. Bu isə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərməkdədir. Bütövlükdə iki ölkə arasındakı mövcud 4.5 milyard dollarlıq ümumi ticarət dövriyyəsini 2023-ci ilədək 15 milyard dollara çatdırmaq hədəflənir”.
Vüqar Bayramov hesab edir ki, artımda digər səbəb qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir: “Kənd təsərrüfatı məhsullarının qeyri-neft ixracatımızda payının çox olmasına baxmayaraq birinci rübdə emaledici məhsulların xaricə satışı çoxalıb. Bu isə dəyər ifadəsində ölkəmizə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Qeyd edək ki, bu ilin ilk 2 ayında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,1 faiz artıb.
Son statistika göstərir ki, "lock-down" (lokdaun - koronavirus səbəbilə təcrid rejimini ifadə edən termindir) tədbirlərinin tətbiq olunmadığı müddətdə qeyri-neft sektoru istehsal və ixrac imkanlarını artırmaq potensialına malikdir. Bu baxımdan, pandemiyanın davam edən aylarında da real sektorda sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur”.