30 Oktyabr 2014 13:22
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

Qeyd edək ki, hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. “Elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.

Ötən dövr ərzində bütün zəruri işlər görülərək məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bu da beynəlxalq təşkilatın reytinq göstəricisində öz əksini tapmışdır.

“Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir.

Hesabatların elektron qaydada təqdim edilməsini nəzərdə tutan “Elektron hesabat” xidməti isə DSMF-nin sığortaedənlər tərəfindən ən fəal istifadə olunan elektron xidmət növlərindən biridir. Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanına malikdirlər.

Ayxan


Müəllif:

Oxşar xəbərlər