“2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar xüsusi olaraq regionlarda sənaye, kənd təsərrüfatı emalı müəssisələri açılıb”. Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, sənaye müəssisələrinin yaradılmasının əsas amillərindən biri də ölkə prezidentinin imzaladığı fərman olub. Onun sözlərinə görə, ölkədə sənaye məhəllələrinin yaradılmasını əks etdirən bu fərmanda rayonlarda, xüsusilə mərkəzdən kənarda yerləşən bölgələrin sənayesinin inkişafı nəzərdə tutulub: “Bu məhəllələrin yaradılmasının sənayenin inkişafına əhəmiyyətli təsiri olacaq. Beləliklə, sahibkarlar heç bir vəsait xərcləmədən hazır dövlət tərəfindən təmin edilən sahəni icarəyə götürüb işlədəcəklər. Artıq son illərdə ölkədə sənayenin inkişafı yönündə bir sıra əhəmiyyətli addımlar atılıb. Sumqayıtda texnopark açılıb, Balaxanıda zavod istifadəyə verilib və sair. Ümumilikdə, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün sənaye sahələrinə xüsusi diqqət yetirilir”.
Səxavət