“Fiziki şəxslərin əmanətləri bu ilin mart ayında əvvəlki aya nisbətən 232 milyon manat azalıb. Fevral ayında vətəndaşların banklardakı əmanətləri 8 milyard 379 milyon manat olsa da, bir ay sonra bu göstərici 8 milyard 147 milyon manata düşüb. 4 milyard 101 milyon manat xarici valyutalarda, 4 milyard 46 milyon manatı isə manatla saxlanır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O bildirib ki, xarici valyutada saxlanan əmanətlərin payı çox cüzi olsa da, son illər depozitlərin valyuta strukturu xeyili dərəcədə yaxşılaşıb: “Bu isə milli valyutanın 2017-ci ilin ferval ayından etibarən stabil qalması və manatla əmanətlərə xarici valyutaya nisbətən daha çox dividendin ödənilməsi ilə bağlıdır.
Fiziki şəxslərin əmanətlərinin azalması tələbli depozit məbləğlərinin aşağı düşməsi ilə bağlı olsa da, bütün hallarda bank sektoru üçün arzuolunan deyil. Digər tərəfdən, depozitlər üzrə dividend faizlərini son illər aşağı endirən əksər banklarda kredit faizləri yüksək olaraq qalmaqdadır. Bu da depozit ödənişləri ilə kredit faizləri arasında kəskin fərqin hələ də qaldığından xəbər verir”.
Deputat hesab edir ki, bank sektorunda rəqabəti gücləndirməklə depozit və kredit siyasətləri arasındakı mütənasibliyin möhkəmləndirilməsinə ehtiyac var: “Bu, passiv vəsaitlərin banklara cəlb edilməsi və kredit şərtlərinin yumşalmasına gətirib çıxara bilər”.