ABŞ-ın əczaçılıq şirkəti “Pfizer” Almaniyanın “BioNTech” şirkətilə birlikdə hazırladığı COVID-19 peyvəndinin satış gəlirləri proqnozunu 70 faiz artaraq 15 milyard dollardan 26 milyard dollara yüksəldib.
Teleqraf.com xəbər verir ki, şirkət 2021-ci ildə 1,6 milyard doz, 2022-ci ildə 3 milyard doz COVID-19 peyvəndi istehsal etməyi hədəfləyir.
2021-ci ilin ilk rübündə “Pfizer” və “BioNTech” peyvəndinin satış gəliri 3,5 milyard dollar olub. Ortalama proqnoz bu rəqəmin 3,28 milyard dollar civarında olacağı yönündə idi.
“Pfizer”in baş icraçı direktoru Albert Bourla qrip peyvəndi kimi COVID-19 peyvəndinə davamlı bir tələbin olacağına inandığını bildirib.
Peyvənddə maliyyə və ümumi mənfəət “Pfizer” və “BioNTech” arasında 50 faizə bərabər pay olaraq bölünür.
COVID-19 peyvəndi istehsal edən ABŞ-ın “Moderna” şirkəti isə 2021-ci ildə peyvənd satışından 18,4 milyard dollar gəlir gözlədiyini açıqlayıb.