Həyatdan təcrid olunub, Hindistanın ən ucqar kəndlərinin birində yaşayan milyarder. Söhbət ABŞ-da “Zoho” texnologiya şirkətini qurucusu və icraçı direktoru Sridhar Vembudan gedir.
Teleqraf.com “Forbes” jurnalında dünyanın ən varlı şəxsləri siyahısında adları keçən milyarderlərin necə gəlir əldə etmələri, zənginlikdən əvvəl nə işlə məşğul olmaları, şəxsi həyatlarını necə keçirmələri barədə araşdırmalar aparıb.
Araşdırmaları "Milyardların sahibi" rubrikasında təqdim edirik.
Bu dəfəki məqaləmiz dünyanın ən varlı şəxslərindən olan hindistanlı milyarder Sridhar Vembuya həsr olunub.
Sridhar Vembu 1968-ci ildə Hindistanın Tamil Nadu əyalətində anadan olub.
Karyera
"Zoho Corporation"
Sridhar Vembu 1996-cı ildə iki qardaşı və üç dostu ilə birlikdə ABŞ-ın qlobal texnologiyası və kəşf paytaxtı olan Silikon Vadisində şəbəkə avadanlığı təminatçıları üçün “AdventNet” adlı bir proqram evi qurur.
Müştəri əlaqələri, idarəetmə xidmətlərinə “SaaS” dəstəyi verməyə diqqət yetirən şirkət 2009-cu ildə adını “Zoho Corporation” olaraq dəyişir.
Sərvəti
2018-ci ilin oktyabrında “Forbes" onun sərvətinin 1,6 milyard dollar olduğunu açıqlayır.
2019-cu ilin oktyabrında onun xalis sərvəti 1.8 milyard dollar olur.
2020-ci ildə “Forbes” onun sərvətini 2.44 milyard dollar olaraq qiymətləndirib.
2021-ci ildə Sridhar Vembu Hindistanın Milli Təhlükəsizlik Məsləhət Şurasına (NSAB) təyin edilir.
Mükafatları
Vembu Hindistanda “2019 Ernst & Young” (İlin Sahibkarı Mükafatı) layiq görülür.
O, eyni zamanda 2021-ci ildə Hindistanın dördüncü ən yüksək mülki mükafatı olan “Padma Shri”yə də layiq görülüb.
“Zoho Corporation”
Proqram təminatı şirkəti “Zoho”nun hazırda 9 min 500 işçisi var. “Forbes” jurnalının hesablamalarına görə, 2020-ci ildə Vembu qardaşlarının sərvəti 2,5 milyard dollara çatıb.
Yaşam tərzi
Ömrünün təxminən 30 ilini Kaliforniyada keçirən və şirkətini qabaqcıl proqram şirkətlərindən birinə çevirməyi bacaran Sridhar daha sonra sakit bir yerə - Hindistanın cənubunda hər yerdən uzaq kiçik bir kəndə köçməyə qərar verir.
Sridhar yaşadığı kəndi təsvir edərkən çox geniş düyü tarlaları və dörd-beş küçəsinin olduğunu deyir.
Yaşıllıqlar içindəki kənd Çennaidən təqribən 600 km cənubda Tenkasi bölgəsindəki dağ silsiləsinin ətəyindədir.
Əhalisi iki mindən az olan kənddə asfalt yol, su və kanalizasiya şəbəkəsi yoxdur. Kəndin elektrik bağlantısı da çox etibarlı deyil. Buna görə də Sridhar dizel generatorundan istifadə etmək məcburiyyətindədir. Bir sözlə, bu kəndin Silikon Vadisi ilə heç bir əlaqəsi yoxdur.
Sridharın bu şərtlərdə şirkəti necə idarə etməsi maraq doğurur.
Ən vacib vasitə olan internet bağlantısı mövcuddur. Sridhar yüksək sürətli fiber optik internet bağlantısı əldə etməyi bacarır və işləməsi üçün ən vacib infrastrukturu yaradır.
Əlbəttə, uğurlu və böyük bir şirkətin rəhbəri olmağın bəzi üstünlükləri var. Sridhar deyir ki, ona əsasən çox böyük siyasi qərarlar verilərkən müraciət edirlər. Şirkət kifayət qədər böyük olduğundan, qərarların çoxu yerli səviyyədə, orada işləyən insanlar tərəfindən verilir.
Kənd həyatından zövq alın
Şirkətin direktorlarından və ya məsləhətçilərindən heç biri yaxınlıqda yaşamır. Buna baxmayaraq, Sridhar işləri yaxından izlədiyini və iştirak etdiyini deyir: “Komandalardan birinə rəhbərlik edirəm. Proqramçılarla yaxından işləyirəm və bəzi inkişaf etmiş texnologiya layihələrində iştirak edirəm. Proqram komandası dünyanın hər tərəfinə səpələnmiş mühəndislərdən ibarətdir”.
Belə bir kənd evində yaşayan Sridhar həyatdan zövq alır. Evində havalandırma sistemi də yoxdur. Bir yerə gedəndə avtomobildən deyil, elektrikli motoreldən və ya velosipeddən istifadə edir.
Tez-tez kənd çayxanasına yollanan və yerli sakinlərlə söhbət edən iş adamı buradakı həyatı çox sevdiyini deyir: “Bu kənddən və ətraf yaşayış məntəqələrindən bir çox insanlarla tanış oldum”.
Geyimi
O, daha çox cins şalvar və köynək geyinir, amma bəzən onu Hindistandakı əksər kişilər kimi “doti” adlanan şalvarda görmək olur.
Tanıyırlar, amma məşhur deyil
Mətbuatda tez-tez çıxış etdiyi üçün kənd sakinlərinin əksəriyyəti onun kim olduğunu bilir, ancaq məşhur olmadığını israr edirlər.
İş adamı yaşadığı kəndin adının çəkilməməsinə xüsusi həsasslıqla yanaşır, çünki insanların buraya ziyarətə gəlməsini istəmir: “Kənddəki ictimai həyat tamamilə fərqlidir. İnsanların yaxşı dostlar qazanmağa vaxt var. Biri sizi durduğu yerə evdə yeməyə dəvət edə bilər. Qonşu kəndə gedəndə bəlkə də 10-15 nəfərlə söhbət edirəm”.
Sidhar heç vaxt təmtəraq və lüks həyata can atan iş adamı olmadığını, bu səbəbdən kəndə köçəndə köhnə həyatını axtarmadığını deyir: "Heç vaxt qolf oynamamışam. Heç vaxt ictimai həyata çox həvəs göstərməmiəm. İş üçün səyahət edirdim, amma indi bu cür işlərin əksəriyyəti video-konfrans vasitəsilə həyata keçirilir”.
Sektorundakı son trendləri sosial mediadan izləyir. O, sosial mediada maraqlı insanları izləyir və zehin açıcı söhbətlər etdiyini deyir.
Pandemiyadan əvvəl peyk ofislər açır
Məlumat üçün bildirək ki, peyk ofislər - iş həyatında yarı ev, yarı ofis modeli olaraq dizayn edilib. Uzaqdan işləmə və çevik iş metodlarına əsaslanan peyklə əlaqəli ofis modelində bir çox məsələdə qənaəti olan şirkətlər üçün səmərəli iş sistemi yaradılıb.
Epidemiya başlayanda, dünyanın hər yerindəki ofislər bağlanmalı oldu və bir çox insanlar evdən işə başladı. Bu prosesin sonunda bəzi şirkətlər epidemiya səngisə də, uzaqdan işləmək barədə düşünməyə başladı.
Ancaq Sridhar epidemiyadan çox əvvəl uzaqdan işləmək fikrini həyata keçirmişdi. O, özü kimi bir çox işçisini epidemiyadan əvvəl uzaqdan işləməyə uyğunlaşdırdı və nəticədə indi daha davamlı iş qaydalarına sahib olduğunu düşünür.
“Zoho”nun kənd yerindəki ilk ofisi 10 il əvvəl Hindistanın Tamil Nadu əyalətinin Tenkasi kəndində açılır. O vaxtdan bəri “Zoho” Hindistanın bir çox fərqli kənd yerlərində təxminən 30 peyk ofisi yaradıb.
Sridhar işçilərinin yalnız 20-30 faizinin daima evdə çalışacağını və qurduqları peyk ofislərin şirkətin ən böyük ofislərinin yerləşdiyi Çennaidə olmayacağını deyir. Beləliklə, iş adamı daha çox yerli işçinin sosial qarşılıqlı əlaqəsini və ünsiyyət ehtiyaclarını qarşılanacağını düşünür:
"Hələ strukturlaşmanın harada inkişaf edəcəyini tam anlamırıq. Ancaq bu ofislərin kənd yerlərində qurulmasına böyük sərmayə qoyuruq. İnternet vasitələrinə də investisiya qoyuruq. Harda bir qrup işçimiz var, orada bir ofis açırıq. İnsanlar evdən bir-iki gün işləyib, digər günlər ofisə gələ bilərlər. Bir peyk ofisində ideal işçi sayı 100 nəfər ola bilər”.
Niyə bu kənd?
Sridhar məktəb tətillərində valideynlərinin kəndində keçirdiyi günləri həsrətlə xatırlayır. ABŞ-a təhsil almaq üçün getsə də, bir gün Hindistanda bir kənddə yaşamağın xəyalını qurub. Nəhayət, qərarını verəndə həmkarlarının çoxu şok olub.
Şirkətin Marketinq və müştəri təcrübəsi bölməsinin vitse-prezidenti Praval Sinq Sridharın həmişə uzaqdan işlədiyini deyir: “Özü Kaliforniyada olarkən belə, şirkətin işçilərinin 90 faizi Hindistanın Çennai şəhərində idi".
Sridhar yaşadığı kənddən Hindistandakı işçiləri kimi, Braziliya, ABŞ, eləcə də Sinqapurdakı işçilərlə daim sıx əlaqə saxlayıb.
Təhsili
"Zoho Schools"
Sridhar Hindistan və ABŞ-da işinə başlamazdan əvvəl çox yaxşı məktəblərdə oxumuş, amma bu gün təhsil sistemini sərt tənqid edir.
O, 1989-cu ildə Madras Hindistan Texnologiya İnstitutunu elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsilə məzun olub. Nyu-Çersidəki Princeton Universitetində magistr və doktorluq dərəcələrini alan Sridhar Vembu uğurunun bu təhsillə heç bir əlaqəsi olmadığını düşünür.
Məktəblərin kontekstdən çıxarılan nəzəriyyələrlə, gündəlik həyatı hələ yetərincə başa düşməyən şagirdlərlə dolu olduğunu söyləyir.
Bu mövzudakı ehtiraslı fikirləri onu “Zoho” məktəblərini açmağa sövq edir. Burada ənənəvi təhsil və təlim metodlarından istifadə edilmir.
Bu məktəblərdən ikisi Tamil Nadu ştatındadır və Sridhar Tenkasi bölgəsindəki məktəbləri tez-tez ziyarət edir.
“Zoho” məktəbləri proqram texnologiyası, idarəetmə, dizayn və yaradıcı yazarlıq kimi mövzularda iki illik intensif proqramlar həyata keçirir.
Bu məktəblərə daxil olmaq istəyən məzunlar 17-20 yaş arasında olub və ən azı 12 illik əsas təhsilə sahib olmalıdır.
Şagirdlərə yemək və aylıq 140 dollar müavinət verilir.
Bu təlimi şərh edən Sridhar Vembu proqramlaşdırma öyrətdiklərini deyir: “Siz real tətbiqetmələr yaradırsınız. Bu, iş görərək öyrənməkdir. Mayelərin necə hərəkət etdiyinə dair nəzəriyyəni bilmədən də böyük bir santexnik ola bilərsiniz. Kompüter elminin ən dərin prinsiplərini bilmədən də yaxşı bir proqramçı ola bilərsiniz. Bunu xatırlamaqda fayda var”.
“Zoho” məktəblərindən məzun olan 900 tələbə indi Sridharın şirkətində çalışır.
Bu, Bil Qeyts və Varren Buffet kimi bəzi milyarderlərin xeyriyyəçilik işlərindən fərqlidir.
Şridhar qərb modelini təqlid etmək fikrində olmadığını bidirir: “Çox şey edirik, amma bunları xeyriyyəçilik fəaliyyəti adlandırmırıq. İnsanların iş bacarıqlarını inkişaf etdirməyə sərmayə qoyduğumuz zaman, həm şirkətin marağına, həm də stajçıya kömək edəcək bir şey etmiş oluruq”.
Ailəsi
Sridhar Vembunun şəxsi həyatı barədə çox məlumat yoxdur. Pramila Srinivasanla evil olan Sridharın 1 övladı var.
Ən çox istifadə etdiyi nəqliyyat vasitələri
O, elektrikli avtomobil seriyasından olan "Tesla"ya da sahibdir.