11 May 2021 10:55
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğaldan azad olunan ərazilərimizdə Zəngəzur dəhlizinə inteqrasiya olunacaq infrastruktur işlərinə artıq başlanılıb”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Zəngəzur dəhlizinin açılacağını bir daha bəyan edib: “İşğaldan azad olunan ərazilərimizdə sözügedən dəhlizə inteqrasiya olunacaq infrastruktur işlərinə artıq başlanılıb. Horadiz-Ağbənd dəmiryolu xətti Azərbaycanın qərb hissəsi ilə Naxçıvanın Zəngəzur dəhlizi vasitəsi ilə birləşləşməsinə imkan verəcək. Naxçıvan ərazisində də 16 kilometrə yaxın dəmiryolu xətti də bərpa ediləcək”.

Vüqar Bayramov hesab edir ki, Şərq- Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi nəinki bölgənin, bütövlükdə türk dünyasının birləşməsinə imkan verəcək: “Layihənin iqtisadi üstünlükləri ilə yanaşı strateji əhəmiyyəti də kifayət qədər böyükdür. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Bu, eyni zamanda tarixi bir hadisə olacaq. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması kommunikasyaların bərpası prosesində geri-dönməzliyin təmin edilməsi baxımdan da vacibdir. Əslində, Zəngəzur dəhlizi Cənubi Qafqazda davamlı sülhə xidmət edəcək təşəbbüsdür.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi 10 noyabr tarixli birgə bəyanatda təsbit edidiyindən daha qısa zamanda Azərbaycanın qərb hissəsi ilə Naxçıvanın quru nəqliyyat yolu ilə birləşməsinin reallaşa biləcəyi anlamına gəlir. Bu həmçinin bölgədə yeni düzənin formalaşdığından xəbər verir”.


Müəllif: Yeganə Oqtayqızı