ABŞ-ın şərq sahillərinə lazım olan yanacağın təxminən yarısını təmin edən Kolonial Boru Kəmərinə kiber hücum indiyə qədər ən dağıdıcı rəqəmsal hücumlardan biri olaraq qeyd edilib.
Teleqraf.com xəbər verir ki, boru kəmərinin həftə sonu tam gücü ilə işləyə biləcəyi bildirilsə də, ölkənin şərqində benzin tədarükündə çətinliklər yaranmağa başlayıb.
Verilən açıqlamaya görə, boru kəmərinin tam gücü ilə yenidən işlənməsi həftə sonu reallaşacaq.
Federal Təhqiqatlar Bürosu (FBİ) kiber hücumu araşdırdığını bildirib və hücumun arxasında “DarkSide” adlı haker qrupunun olduğunu bildirib. Haker qrupu isə hücumu onlara bağlı qeyri-siyasi bir dəstənin təşkil etdiyini açıqlayıb.
ABŞ Prezidenti Co Bayden hücuma görə Rusiyanın "qismən məsuliyyət daşıdığını" söyləsə də, ölkəni tam günahlandırmaqdan imtina edib. Bayden hakerlərin və ya istifadə olunan proqramın Rusiya mənşəli olduğuna dair dəlillər tapıldığını bildirib.
Neft kəmərinə dəyən zərərin qiymətləndirilməsi hələ davam edir.