17 May 2021 12:20
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Azalma daha çox iqtisadiyyatın neft-qaz sektoru ilə bağlı olub. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb. Bu müddətdə isə qeyri neft-qaz sektorunda 4,1 faiz artım qeydə alınıb. Qeyri-neft sektorundakı artım neft sənayesindəki azalmanı xeyili dərəcədə balanslaşdıra bilib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi ilə bağlıdır: “Son 4 ayda Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin tədbirlərinə getmədən yoluxma sayını optimallaşdıra bilməsi təqdirəlayiq haldır. Xüsusən nəzərə almaq lazımdır, əksər ölkələr, o cümlədən qardaş Türkiyə yaz aylarında sərt karantin tətbiq etmək məcburiyyətində qaldılar. Bu baxımdan, real sektorda minimum məhdudiyyətlərlə Azərbaycanda yoluxma sayının azaldılmasına nail olunması müsbət haldır”.

Vüqar Bayramov hesab edir ki, epidemioloji vəziyyətə uyğun olaraq növbəti mərhələlərdə də real sektorda məhdudiyyətlərin sayının azaldılması məqsədəuyğundur: “Digər tərəfdən, məhdudiyyətlərin minimumlaşdırılması vaksinasiya səviyyəsindən də asılı olacaq. O baxımdan, daha intensiv vaksinasiya real sektorun daha tez tam açılmasına gətirib çıxara bilər. Vaksin ehtiyatlarımızın çox olduğunu nəzərə alsaq bu prosesdə hər birimizin fəal iştirakı vacibdir.

Qeyri-nefti sektorundakı artım tempini nəzərə aldıqda Azərbaycan iqtisadiyyatının bu ilin birinci rübünü artımla başa vuracağı gözlənilir. Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, həmçinin məşğulluğun təmini baxımdan da vacibdir. Bu baxımdan yoluxma sayının azalması davam edərsə, o zaman bir sıra məhdudiyyətlərin də aradan qaldırılacağı istisna edilmir”.


Müəllif: Yeganə Oqtayqızı