“Gəlmə turizmində xüsusi payı olan ölkə vətəndaşlarının da mərhələli şəkildə Azərbaycana səfər qaydalarının yumşaldılması məqsədəuyğundur”.
Teleqraf.com xəbər verir ki, bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov çıxış edib.
O, bu həftənin cümə axşamından etibarən Azərbaycan Türkiyə və Rusiya vətəndaşları üçün hava əlaqəsini bərpa edəcəyini bildirib: “Eyni zamanda, əvvəllər müzakirə etdiyimiz kimi, COVID-19-a dair PCR testinin neqativ olduğunu təsdiqləyən sənəd üçün müddət 48 saatdan 72 saata çatdırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarı təqdirəlayiqdir.
Bununla yanaşı, turizm mövsümünün başladığını nəzərə alaraq mərhələli şəkildə gəlmə turizmdə xüsusi payı olan ölkələrlə analoji yumşalmalara gedilməsi məqsədəuyğun olardı. Pandemiyadan əvvəlki ildə Azərbaycan gələn 3 milyon 170 min turistin 29,4%-i Rusiya, 22,9%-i Gürcüstan, 10%-i Türkiyə, 8,1%-i İran, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları idi.
Bu baxımdan, gəlmə turizmdə xüsusi paya malik ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq mərhələli şəkildə həmin ölkə vətəndaşlarının da Azərbaycana səfər qaydalarının yumşaldılması ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımdan vacibdir”.
Vüqar Bayramov qeyd edib ki, turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur: “2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2.7 milyard dollardan çox olub. Post-pandemia dövründə turizm sektorunda yenidən canlanmanın olacağı gözlənilir. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də, turizm sektorundakı açılımlar həmçinin məşğulluğun təmin edilməsi baxımdan da vacib hesab olunur”.