Pandemiyanın sərt karantin qaydaları mərhələli şəkildə geridə qalır. Bu gündən ticarət mərkəzlərinin, "Mall"ların açılmasına icazə verilir.
Bəzi ekspertlər bu qənaətdədir ki, “Mall”ların açılması pərakəndə ticarət dövriyyəsinin artmasına təsir göstərəcək. Ehtimal olunur ki, alıcılıq qabiliyyəti artsa, ticarət dövriyyəsi də artar.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq, o cümlədən 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2020-ci ilin dörd ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz artıb, qeyri-ərzaq malları üzrə isə 2,3 faiz azalıb.
Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 300,4 manatlıq, o cümlədən 165 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 135,4 manatlıq qeyri-ərzaq malları alıb.
İqtisadçı Akif Nəsirli Teleqraf.com-a bildirib ki, qeyri-ərzaq malları üzrə pərakəndə ticarət dövriyyəsinin azalması pandemiyada tətbiq olunan sərt karantin rejimi ilə bağlı olub.
Ekspertin qənaətincə, karantin rejimlərin aradan qaldırılması nə qədər sürətlə davam edərsə, bütün məhsullar üzrə ticarət dövriyyəsi də artacaq: “Adətən ərzaq məhsulları üzrə dövriyyə böhran dönəmlərinə daha az reaksiya verir. Görünən odur ki, əhalinin gəlirlərinin azalması həm də ərzaq məhsullarının dövriyyəsinin azalmasına gətirib çıxarır. Karantin tamamilə aradan qaldırıldıqdan və iqtisadiyyatın bütün sahələri açıldıqdan bir neçə ay sonra ticarət dövriyyəsində artımları müşahidə edə biləcəyik.
Ticarət mərkəzlərinin öz bölmələrini yenidən yığa bilməsi və müştəri cəlb etməsi üçün müəyyən qədər vaxt tələb olunur. Təbii ki, açılışların alılcılıq qabiliyyətinin artmasına təsiri var. Yumşalmalar getdikcə bütün məhsullar üzrə ticarət dövriyyəsi artacaq. Amma burada dərhal artımdan söhbət gedə bilməz, bu, sadəlövhlük olar. Müəyyən dönəm keçdikdən sonra bu müşahidələr özünü göstərməlidir”.