Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə müəyyənləşdirilib.
Bu barədə Teleqraf.com-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilir ki, bu, Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nda və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Fərmana edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 411-2-ci maddəyə əsasən, fermer tərəfindən “elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq ediləcək və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq olunacaq. Dəyişikliyə əsasən, Kənd Təsərrüfatı Nazirliyinə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə tətbiq etmək səlahiyyəti verilib.
Bununla yanaşı, Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı Fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda edilən dəyişikliyə görə, hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməyə görə inzibati məsuliyyətə cəlb edilmiş fermerlərə növbəti 2 il müddətinə subsidiya ödənilməyəcək.