“Qarabağda formalaşan nəqliyyat infrastrukturunun, o cümlədən Azərbaycanda reallaşmış nəqliyyat sisteminin işğaldan azad olunmuş ərazilər vasitəsilə beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası mümkün olacaq”.
Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurması intensiv şəkildə həyata keçirilir: “Füzulidə reallaşan infrastruktur layihələr həm rayonun, həm də bütövlükdə Qarabağın bərpası baxımından çox vacibdir. Füzulidə inşa edilməkdə olan hava limanı xarici turistlərlə yanaşı, Azərbaycan vətəndaşlarının da daha qısa zamanda və sərfəli şəkildə Qarabağı ziyarət etməsinə imkan verəcək. Hava limanı 1 saat ərzində 200 sərnişinə xidmət etmək imkanına malik olacaq. Gözlənilir ki, payız aylarında hava limanı ilk uçuşları həyata keçirəcək".
Vüqar Bayramov deyir ki, Qarabağda reallaşan infrastruktur layihələr beynəlxalq yükdaşımalar baxımından da vacibdir: “Hazırda Füzulidə Horadiz şəhəri ilə Zəngilan rayonunu birləşdirən dəmiryol xəttinin inşası davam etdirilir. Bu dəmiryol xətti də Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Qarabağda formalaşan nəqliyyat infrastrukturunun, o cümlədən Azərbaycanda reallaşmış nəqliyyat sisteminin işğaldan azad olunmuş ərazilər vasitəsilə beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası mümkün olacaq.
Nəzərə alaq ki, Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Nəticədə Füzuli rayonunda formalaşan infrastruktur beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunmaqla daha çox yük və sərnişindaşımalar imkanına malik olacaq.
Bu gün Füzuli ilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərini birləşdirən avtomobil yolunun inşası intensiv şəkildə davam etdirilir. Yeni tunelin təməlqoyma mərasiminin keçirilməsi avtomobil yolunun beynəlxalq standartlara uyğun olaraq inşa edilməsindən xəbər verir. Bu, eyni zamanda Şuşa şəhərinə daha qısa zamanda çatmaq deməkdir”.
İqtisadçının müşahidələrinə görə, işğaldan azad olunmuş ərazilərdə enerji infrastrukturu da inkişaf etdirilir: “Artıq Qarabağda İtaliya şirkətlərinin iştirakı ilə 5 yarımstansiya istifadəyə verilib. Eyni zamanda Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi başa çatmaq üzrədir. Bu da Füzuli rayonunun və işğaldan azad olunmuş digər ərazilərimizin daha intensiv şəkildə elektrik enerjisi ilə təmin edilməsi deməkdir.
Bütövlükdə formalaşan infrastruktur Qarabağın daha qısa zamanda bərpa və yenidənqurmasına imkan yaradacaq. Bu, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma prosesinin tez bir zamanda həyata keçirilməsi üçün imkanlar deməkdir. İntensiv şəkildə həyata keçirilən fəaliyyətlər və Qarabağ iqtisadiyyatının daha qısa zamanda formalaşmasını və həmin ərazilərin Azərbaycan iqtisadiyyatına töhfəsini sürətləndirir. Ümumiyyətlə, infrastruktur layihələrinin gedişatı, təməlqoyma mərasimləri bu istiqamətdə intensiv və sistemli fəaliyyətdən xəbər verir”.