18 İyun 2021 20:48
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ zəfərindən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün dəhlizlərin bərpası qaçılmazdır”.

Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışı zamanı region üçün strateji əhəmiyyət daşıyan məsələlərə toxunub: “Qardaş ölkə rəhbərinin qeyd etdiyi məsələlərdən biri də “altılıq” platforması ilə bağlı idi. Prezident Ərdoğan Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan platforması yaradılmasının regional vacibliyini vurğuladı.

Regionda əməkdaşlıq bölgədə uzunmüddətli sülhün formalaşması baxımından da vacibdir. Kommunikasiyaların bərpası və əməkdaşlığın formalaşması üçün isə əsas layihələrdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Dəhliz türk dünyasının birləşdirilməsi və regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdür. Regionun kifayət qədər iqtisadi potensialı var və bu da regional dəhlizlərin əhəmiyyətini artırır”.

Vüqar Bayramovun qənaətincə, Türkiyə və Rusiya “Böyük İyirmilik”ə (G20) üzv olan region ölkələrdir: “İran regionun aparıcı ölkələrindən hesab olunur. Cənubi Qafqazın isə dayanıqlı sülh kontekstində inkişaf perspektivləri yüksək qiymətləndirilir. Söhbət 3 trilyon dollarlıq Ümumi Daxili Məhsulu (ÜDM) olan region ölkələrinin bərpa olunacaq kommunikasiyalardan və xüsusən də Zəngəzur dəhlizindən istifadəsindən gedir.

Rusiya 1.7 trilyon, Türkiyə 761.4 milyard, İran 454 milyard, Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-ə malikdirlər. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Qarabağ zəfərindən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün isə dəhlizlərin bərpası qaçılmazdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər