18 İyun 2021 19:48
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Türkiyə Qafqazın ən önəmli ölkələrindədir. Şuşa bəyannaməsində təsbit olunan müddəalar iki ölkənin bundan sonra da sıx əməkdaşlıq edəcəyini, Qafqazda sülh mühitinin yaranması naminə birgə fəaliyyət göstərəcəklərini əks etdirir”.

Bunu Teleqraf.com-a iqtisadçı Xalid Kərimli deyib.

O qeyd edib ki, məlum bəyannamənin ən mühüm istiqamətlərindən biri Zəngəzur dəhlizi ilə bağlıdır: “Artıq 30 ilə yaxındır ki, Ermənistanın qeyri-konstruktiv, şovinist və cılız siyasəti həm Azərbaycanın Naxçıvanla, həm də Türkiyə ilə birbaşa əlaqəsini məhdudlaşdırıb. Ümumiyyətlə, Zəngəzur dəhlizi Rusiya ilə Ermənistanın maraqlarına uyğundur. Ermənistan bu koridor vasitəsilə Azərbaycan üzərindən keçməklə birbaşa Rusiyaya və İrana çıxış imkanı əldə edir, əlaqələrini daha da yaxşılaşdırır.

Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdə “altılıq” platformasının yaradılmasını yenidən vurğuladı. Bu onu göstərir ki, layihədə tək Azərbaycanın və Türkiyənin deyil, həm də uzunmüddətli əməkdaşlıq məqsədilə regionun bütün ölkələrinin maraqlarının qorunması gündəmdədir. Hər iki ölkə Şuşa bəyannaməsi ilə Qafqazda gərginlik, müharibə və başqa problemləri yox, daha çox iqtisadi əməkdaşlıq istiqamətlərinin inkişafını elan edir.

Hər iki ölkə Şuşa bəyannaməsində altı ölkənin maraqlarına uyğun şəkildə, iqtisadi əlaqələrin genişlənməsinə, bazarların daha da böyüməsinə imkan verən niyyət ifadə edir. Ümumiyyətlə, “altılıq” platformasının yaradılması ölkələr arasında sürətli və maneəsiz iqtisadi əlaqələrin qurulmasına təkan verir ki, nəticədə ölkələr arasında əlavə xərclər və vaxt itkisinin qarşısı alınır. Yaranmış vaxt itkisi və ləngimələr idxal-ixrac əməliyyatlarında məhsulların maya dəyərinin bahalaşmasına səbəb olur. Bu zaman ölkə şirkətləri fərqli həll yolları düşünürlər ki, bu da ümumi ticari əlaqələrin həcminə mənfi təsir göstərir”.

Xalid Kərimli hesab edir ki, prosesdən ən çox faydalanan Ermənistanın özüdür: “Əgər onlar konstruktiv düşünsələr, iqtisadi əlaqələrin bərpası Ermənistanın özünün iqtisadi blokadadan çıxmasına gətirə bilər ki, bu da qonşu ölkələrdən asılılıqlarını aşağı salar. Sonrakı mərhələdə iqtisadi-ticari əlaqələrin Zəngəzur dəhlizi vasitəsilə başlaması Ermənistanın Türkiyə və Azərbaycanla sərhədyanı ticarət amillərini də ortaya çıxacaq.

Bu zaman düşmənçilik normal qonşuluq siyasəti ilə əvəzlənəcək. Tarix göstərir ki, inkişaf etmiş ölkələrdə illərlə davam edən müharibələr sonrası münasibətlərin normallaşması xüsusisən iqtisadi əlaqələrin yaxşılaşması istiqamətində inkişaf edib. Çünki qonşuların bir-birilə yola getməsi hər iki ölkənin, xüsusən Qafqaz regionunun maraqlarına uyğundur.

Bu baxımdan Şuşa bəyannaməsində Zəngəzur dəhlizi və “altılıq” formatında əməkdaşlığın ön plana çəkilməsi və regionda iqtisadi əlaqələri gündəmə gətirmək tək Azərbaycanla Türkiyənin yox, bütün Qafqazın maraqlarına uyğundur”.


Müəllif: Yeganə Oqtayqızı