19 İyun 2021 11:25
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Valyuta Fondu (BVF) nizamnaməsinin IV maddəsi üzrə Missiya Azərbaycan barədə hesabat yayıb.

Teleqraf.com xəbər verir ki, hesabatın əsas məqamlarını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı şərh edib.

Vüsal Qasımlının sözlərinə görə, hesabatda qeyd edilir ki, Azərbaycan iqtisadiyyatı COVID-19 pandemiyası və aşağı neft qiymətlərinin təsirinə məruz qalıb: “Sadalanan səbəblərdən başqa, ötən il quraqlıq və Ermənistanın hərbi təxribatlarına cavab olaraq uğurlu Vətən müharibəsinin də iqtisadi təsirləri olub.

BVF-nin missiyası hesab edir ki, Azərbaycan höküməti cəld hərəkətə keçərək, xarici şokların təsirini yumşaldıb. Bundan sonra iqtisadi siyasətin hədəfi özəl sektorun inkişafı, biznes mühitinin daha da yaxşılaşması, idarəetmə və şəffaflıq sahəsində islahatların davam etdirilməsi, həmçinin maliyyəyə çıxışın yaxşılaşlaşması hesabına iqtisadi şaxələnmənin dərinləşməsi və iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsi olmalıdır.

Hesabatda qeyd edilir ki, davam edən vaksinasiya və iqtisadiyyatın tədriclə açılması nəticəsində iqtisadi artım bu il 2,3 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz proqnozlaşdırılır. Ötən il qeyri-neft sektorunun 2,6 faiz kiçilməsini nəzərə alanda, bu ilki 3,6 faizlik artım proqnozu onu göstərir ki, qeyri-neft sektoru nəinki tam bərpa oluna, hətta böhrandan əvvəlki həcmini ötə bilər. Neft-qaz sektorunun keçən ilki 7,2 faiz geriləməsini, bu il Cənub Qaz Dəhlizi hesabına “mavi yanacaq” istehsalının artması kompensasiya edəcək, hətta neft-qaz sektorunda real olaraq 0,2 faiz də olsa artım proqnozlaşdırlır”.

Mərkəzin direktoru bildirib ki, Azərbaycanın fiskal balansı və cari hesablar balansı COVID-19-dan əvvəlki əhəmiyyətli müsbət zonadan ötən il mənfi zonaya daxil olsa da, bu il “əkiz balans”larda bərpa proqnozlaşdırılır: “Qaz ixracının artması, neft qiymətlərinin artıq 70 dolları ötməsi və qeyri-neft ixracının ikirəqəmli hədlərdə böyüməsi cari hesablar balansının müsbət saldosunun bu il ÜDM-in 2,4 faizi həddində olacağını proqnozlaşdırmağa əsas verir.

COVID-19-la mübarizə və işğaldan azad olunan ərazilərin rekonstruksiya xərcləri artdığından, icmal büdcənin bu il proqnozlaşdırılan ÜDM-in 5,6 faizi səviyyəsində olan kəsiri növbəti ildən azalaraq və 3 faizə enməsi proqnoz edilir. “Əkiz balans”ların vəziyyəti və idxal inflyasiyası da nəzərə alınanda inflyasiyanın Mərkəzi Bankın hədəflədiyi “dəhliz”də - 4 faiz civarında olması proqnozlaşdırılır. İnflyasiyanın risk balansında artırıcı faktorların rolu yüksəlib. Qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də pul kütləsinin artması fonunda faktiki inflyasiya artsa da, hədəf dəhlizində qalmaqdadır. “Əkiz balans”ın yaxşılaşması və dövlətin borcunun məqbul həddi makroqitisadi sabitliyin əsas lövbəri – manatın məzənnəsinin sabitliyinə də müsbət təsir edir”.

Vüsal Qasımlının qənaətincə, 2020-ci böhran ilində fiskal siyasət çevikliyi ilə seçilib və avtomatik stabilizatorlar şoklara cavab verib, hətta fiskal qaydaların tətbiqi müvəqqəti dayandırılıb: “Lakin uzunmüddətli dönəmdə yeni fiskal qaydaların işlənilməsi, dövlət maliyyəsinin daha da təkmilləşdirilməsi, xərcləmələrin, subsidiyaların və dövlət sektorunda məşğulluğun səmərəliliyinin artırılması, vergi-gömrük inzibatçılığının yaxşılaşdırılması, ən əsası isə dövlət müəssisələrinin islahatları hesabına fiskal konsolidasiyaya getmək mümkündür. “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq qüvvədə olan və ya təklif olunan vergi və gömrük güzəşt və azadolmalarının büdcə ilə yanaşı iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi nəzərdə tutulur. Sadalanan addımlar həm də fiskal dayanıqlıq üçün əhəmiyyətlidir”.

Vüsal Qasımlı BVF-nin hesabatında monetar siyasət barədə məsələləri də şərh edib: “Böhran ilində requlyativ tətil, istehlakçı hüquqlarının qorunması, dijitallaşmaya keçidin sürətləndirilməsi, maliyyə inklüzivliyinin artırılması, onlayn xidmət kanallarının təşviqi, maliyyə intizamının qorunması, kredit ekspansiyasının təşviqi və maliyyə dayanıqlılığına dəstək tədbirləri həyata keçirildi. BVF-nin hesabatında xüsusən də uçot dərəcəsinin aşağı salınması və monetar yumşalma xüsusi qeyd olunsa da, kredit faizləri hələ də yüksək qiymətləndirilir. Bank sektorunda kapital adekvatlığı və likvidlik göstəricləri normativdən artıqdır, bankların göstəriciləri yaxşılaşır. Bu ilin ilk 5 ayında bank sistemi üzrə kredit portfeli 3.8%, o cümlədən biznes kreditləri 2.4% artsa da, monetar siyasətin qısamüddətli dönəmdə iqtisadi fəallığın və real sektorun canlanmasına daha çox töhfəsi, həmçinin monetar transmissiya gücünün artması arzuolunandır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər