Son günlər dünya bazarında neftin qiymətləri son 1 ilin ən böyük artım tempini nümayiş etdirir. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 1 % artaraq 75,29 ABŞ dolları təşkil edib.
Digər növ neft qiymətlərində də artım davam edib. Brent neftinin dəyəri 0,27 % artaraq 1 barelə görə 75,10 dollar təşkil edib. WTI markalı neftin 1 barelinin qiyməti isə 0,04% azalaraq 73,63 dollar olub.
Enerji sektoru üzrə ekspert Zəfər Vəliyev neft bazarları ilə bağlı vəziyyəti Teleqraf.com-a şərh edib.
O bildirib ki, neftin hazırkı qiyməti fundamental faktorların önündədir: “İlin əvvəlindən indiyədək neftə olan tələbatla bağlı OPEC-in, BP-nin, Beynəlxalq Enerji Agentliyinin və digər şirkətlərin verdiyi proqnozlar özünü doğrultmadı. Çünki hazırda neftə olan tələbat gözləniləndən artıqdır. İndi əsasən neft məhsulları bazarında müxtəlif markalı avtomobil benzinə, dizelə, gəmi yanacaq növlərinə, müxtəlif növ bitumlara və neftdən alınan müxtəlif təyinatlı sürtgü yağlarına böyük tələbat var.
Paralel olaraq neft-kimya məhsullarına olan tələbat da durmada artır. Həm neft, həm də neft-kimya məhsulları bazarında bir çox hallarda tələbat təklifi üstələyir. Artıq neft emalı zavodlarının (NEZ) emal marjında həddən artıq artımlar müşahidə olunur. NEZ-lər tələbatı qarşılamaq üçün özlərinin sutkalıq xammalla yüklənməsinə yenidən baxmalıdır. Yəni, əlavə neft həcmlərinin idxalına ehtiyac var”.
Analitik hesab edir ki, OPEC və müttəfiq dövlətlərin səyləri nəticəsində bazarın tənzimlənməsində uğurlar əldə edilib:
“Neft bazarlarında uzun illərdir hökm sürən qeyri-müəyyənlik mərhələli şəkildə aradan qaldırılır. Hazırda neftə olan tələb təklifi üstələmək üzrədir. Aparıcı neft şirkətləri qarşıdakı aylarda neftin qiymətinin əsasən iki faktordan asılı olduğunu iddia edir – tələbat və investisiya. Əgər investisiya tələbatı üstələyə bilməsə, onda neftin qiymətində artımlar baş verəcək.
2014-cü ildən bu günədək neft-qaz sektorunda həm hasilat, həm də geoloji kəşfiyyat işlərinə yönəldilən investisiyaların həcmi əhəmiyyətli dərəcədə azalıb. Hesab edirəm ki, qarşıdakı illərdə tələbat investisiyanı üstələyəcək və nəticədə neftin qiymətində artımlar olacaq”.
Qiymətin hansı koridor aralığında artmasına gəlincə, Zəfər Vəliyev deyib ki, “qara qızılı”ın qiymətlərində üçrəqəmli hədd sonuncu dəfə 2014-cü ilin avqust ayına kimi müşahidə olunub: “Neft qiymətləri 2014-cü ilin iyunda 115 dollara qədər yüksəldiyi halda ilin sonunadək sürətli enərək 50 dollardan da aşağı düşdü. 2016-cı ildə bazarın tənzimlənməsi ilə bağlı OPEC və müttəfiq dövlətlər birgə əməkdaşlıq bəyannaməsi imzaladıqdan sonra hasilat tavanının azaldılması ilə bağlı qərar qəbul edildi.
Bu, neft bazarlarında qiymətin formalaşmasında bir stimul yaratdı. Eyni zamanda OPEC və müttəfiq dövlətlər enerji bazarlarının tənzimlənməsi baxımından üstünlük əldə etdi.
İndi neftin qiyməti ilə bağlı hər hansı fikir bildirmək çətindir. Dünyanın aparıcı enerji şirkətləri iddia edir ki, 2023-cü ildə qısamüddətli də olsa, neftin qiyməti 100 dolları keçə bilər. Əslində, burada məntiqli bir fikir var. Bu şirkətlər təbii ki, neftin yüksək qiymətə satılmasında maraqlıdır. Amma məsələ burasındadır ki, istənilən qiymət artımı kövrək bazarlara və sıravi bərpa proseslərinə əngəl törətməməlidir. Onu da nəzərə almaq lazımdır ki, 2014-cü ildəki 100 dollarla indiki 100 dollar arasında çox böyük fərq var. O dövrdə qlobal inflyasiya çox da yüksək səviyyədə deyildi. Eyni zamanda dolların digər aparıcı valyutalarla müqayisədə kursu yüksək idi. İndi dolların məzənnəsi avro qarşısında dəyər itirir. Bu baxımdan neftin qiymətinin artması dünya iqtisadiyyatının artım perspektivinə mənfi təsir göstərməməlidir.
Hesab edirəm ki, yaxın perspektivdə neft qiymətləri 68-75 dollar dəhlizində idarə olunmalıdır. Çünki dünya iqtisadiyyatı həddən artıq yüksək neft qiymətlərinə hazır deyil. Əgər qiymətlər 85-90 dollara doğru yüksələrsə, bu zaman OPEC və müttəfiq dövlətlər neft hasilatı ilə bağlı dəyişikliklərə yol verməlidir. Başqa sözlə, hasilat bir qədər artırılmalıdır. Çünki bir çox ölkələrdə yüksək neft qiymətləri qəbul edilmir, bır sıra problemlər yaradır”.