“Ötən gün “Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi istifadəyə verilir. Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola salınılıb. Dəhlizlə ilk konteyner qatarı Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılacaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib.
Deputat qeyd edib ki, 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi yaradılıb: “2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan dəhlizin reallaşmasına aktiv şəkildə dəstək olub.
Şüveyş kanalında baş verən son qəzadan sonra isə Şimal-Cənub dəhlizinin əhəmiyyəti daha da yüksəlib. Nəinki region ölkələri, həmçinin inkişaf etmiş dövlətlər layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar. Bu isə dəhlizin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, strateji əhəmiyyətini də yüksəldib.
Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək. Azərbaycan həm investisiya, həm infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verib. Layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Güman edilir ki, “Şimal-Cənub” Beynəlxlaq Nəqliyyat Dəhlizinin reallaşması beynəlxalq yükdaşımanın həcminin və qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək”.
Vüqar Bayramov hesab edir ki, layihə Azərbaycanın strateji mövqeyinin güclənməsi baxımından da əhəmiyyətlidir: “Xüsusən Zəngəzur dəhlizinin istifadə veriləcəyi kontekstindən bölgəni əhatə edən beynəlxalq nəqliyyat layihələrinin əhəmiyyəti yüksəlməkdədir”.