2 İyul 2021 17:14
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin yanvarında Tarif (qiymət) Şurası tərəfindən ölkədə “Aİ-92” markalı benzinlə dizel yanacağının və fevralın 1-dən isə suyun tarifini artırdıqdan sonra ilin ortasında qazın və işığın da qiymətlərinə baxılacağı gözlənilən idi”.

Bunu Teleqraf.com-a iqtisadçı Pərviz Heydərov deyib.

İqtisadçının sözlərinə görə, ilin əvvəlindəki artımla müqayisədə sonuncu qiymət artımları az təsirli əhəmiyyətə malikdir: “Məsələn, sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hazırkı 20 qəpik səviyyəsində saxlanılıb. Elektrik enerjisi üzrə artıma yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb, yəni 12 qəpikdən 13 qəpiyə dəyişdirilib. Əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün isə tarif dəyişdirilməyib və hazırkı 1 kub metr üçün 10 qəpik səviyyəsində saxlanılıb. “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Sözün qısası, bir növ qiymətlərə redaktə edilib və bu da təbiidir. Çünki ilin əvvəlindəki qiymət artımları inflyasiyaya çox təsir etdi. İstehlak bazarında qiymətlər hələ də qalxmaqdadır. Belə bir fonda elektrik enerjisinin də qiymətini bilavasitə əhali abonentləri üzrə, o cümlədən qazın tarifi ciddi şəkildə qaldırılsaydı, bunun təsiri lap çox ola bilərdi. Lakin göründüyü kimi Tarif Şurası buna getmədi”.

Pərviz Heydərov qeyd edib ki, istənilən halda qiymətlərə 3-4 ildən bir yenidən baxılmalıdır: “Bu, qaçılmaz xarakter daşıyır. Çünki istehlak artır, dünya bazarlarında vəziyyət dəyişir, yeni sərmayə qoyuluşlarına ehtiyac yaranır və sair. Ancaq bütün bunlarla yanaşı, idarəetmə də təkmilləşməlidir, səmərəlilik artmalıdır, itkilər durmadan azalmalıdır. Başqa sözlə, dövlət idarəetməsində tənzimləyici xüsusiyyət genişlənməlidir. Əgər bütün işlər yalnız tutaq ki, SOCAR tərəfdən ilin əvvəlində “Aİ-92” markalı benzinlə dizelin, “Azərsu” ASC tərəfdən isə suyun qiymətinin artırılması haqda Tarif Şurasına yönələn məlum əsaslandırmalar izahında təşkil edilməklə gedəcəksə və səmərəsiz təsərrüfatçılıq fəaliyyəti davam edəcəksə, onda sırf tarif siyasəti ilə heç nəyə nail olmaq mümkün olmayacaq”.

Ekspert deyir ki, Tarif Şurası hər dəfə qiymət dəyişikliyi edəndə yalnız bir əsaslandırması olur: “Adətən artımın mahiyyəti “istehlak artıb”, “gəlirlər xərcləri ödəmir”, “dövlət tərəfindən subsidiya verilir”, “fəaliyyət rentabelli deyil” kimi fikirlərlə əsaslandırılır. Doğrudur, təbii qazın tarifinə yenidən baxılmasına səbəb istehlakın artmasıdır, qaz təchizatının əhatə dairəsinin genişlənməsidir, abonentlərinin sayının 18 faizə yaxın artmasıdır. Nəticədə xərclər də yüksəlir. Suallar yaranır, tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı doğrudanmı azalacaq. Səmərəlilik artacaqmı? Yaxud da, “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifinin 7 qəpik endirilməsi, adı çəkilən qurumun xərclərinin ödənilməsinə müsbət təsir edəcəkmi?

Prezident keçirdiyi müşavirələrin birində misal da gətirmişdi ki, qazlaşdırma Dövlət Neft Şirkətinin vəzifəsi olduğu halda, büdcənin hesabına aparılır. "Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur? Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir",- deyə dövlət başçısı qeyd etmişdi”.

Pərviz Heydərov vəziyyətdən çıxış yolunu özəlləşdirmədə görür: “Dövlətin payı yüksək olan, eyni zamanda səhm paketi 100 faiz dövlətə məxsus qurumlar müəyyən hissə etibarilə özəlləşdirilməlidir. Bu, həmin şirkətlərə investisiyaların cəlb olunmasına, eyni zamanda onların idarəçiliyində əyintiləri, səmərəsizliyi aradan qaldırmağa yol açacaq. Ümumiyyətlə, idarəetməni asanlaşdırmaq, borclanma, o cümlədən maliyyə hesabatlılığı üzrə nəzarət kimi məsələlərə sırf dövlətin müdaxiləsi yolu ilə nail olmaq əsla mümkün deyil”.


Müəllif: Yeganə Oqtayqızı