İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Таkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Nazir Şahin Mustafayev beynəlxalq maliyyə institutları ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib, qabaqcıl beynəlxalq təcrübənin, texnologiya və yeniliklərin tətbiq olunduğunu vurğulayıb. Dünya Bankı ilə əməkdaşlığın çoxşaxəli olduğunu qeyd edən Şahin Mustafayev hazırda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində işlərin davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, indiyədək Dünya Bankı tərəfindən Azərbaycana 51 layihə çərçivəsində 3,6 mlrd. dollar kredit ayrılıb. Hazırda nəqliyyat, su təchizatı və kanalizasiya, sosial və s. sahələrdə 18 layihənin icrası davam edir. Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi Bakı şəhərində tullantıların idarə edilməsi baxımdan əhəmiyyətlidir.
Ekoloji layihələrin davamı olaraq, Bakı şəhərində göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, o cümlədən Böyükşor gölünün təmizlənməsi sahəsində görülən işlər, eləcə də Balaxanı Sənaye Parkı və parkın rezidentləri üçün tətbiq olunan güzəştlər barədə məlumat verən nazir Şahin Mustafayev bu sahədə Dünya Bankı ilə mümkün əməkdaşlıq barədə fikirlərini bidirib.
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Таk Azərbaycanda Dünya Bankı ilə əlaqələrə böyük önəm verildiyini vurğulayıb. L.Таk Azərbaycan və Dünya Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, bu nüfuzlu maliyyə institutunun ölkəmizdə həyata keçirilən layihələrə bundan sonra da maliyyə və texniki dəstək göstərəcəyini söyləyib.
Görüşdən sonra L.Таkın rəhbərlik etdiyi nümayəndə heyəti Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Yandırılması zavodlarında olub. Qonaqlara zavodlar barədə məlumat verilib və vurğulanıb ki, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisədir. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulmuş zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir.
Dünya Bankının nümayəndələri həmçinin, Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunun fəaliyyəti, Böyükşor gölünün təmizlənməsi sahəsində görülən işlərlə tanış olub, bu böyük ekoloji layihələri yüksək qiymətləndirib.