5 İyul 2021 12:10
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İyulun 4-də axşam saatlarında Xəzər dənizdə görünmüş alovun yerində yeni neft-qaz yatağının kəşfi mümkündür”.

Bunu Teleqraf.com-a Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

O qeyd edib ki, iyunun 4-də Xəzər dənizində müşahidə olunan yanğın vulkandan əmələ gəlib: “Daha dəqiq desək, Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Bəzi xarici media orqanları ilkin məlumat kimi tankerin yandığını yaymışdılar. Tanker o yerdə olar ki, orada neft olsun. Amma burada heç bir neft-qaz infrastrukturu mövcud deyil. Ona görə məlumat yanlışdır”.

Vulkanın alovla müşahidə olunmasına gəlincə, analitik deyib ki, vulkanlar həmişə alovla müşayiət olunub: “Vulkan Yerin təkindəki enerjinin Yer səthinə çıxması deməkdir. Yerin səthinə çıxma yolunu isə qazın təzyiqi açır. Yaranmış qaz təzyiqi Yer səthindəki boşluqlardan özünə yer tapıb üzə çıxır. Yerin üzünə çıxanda oksigenlə metan birləşir, nəticədə sürtünmədən yanğın əmələ gəlir. Qaz yanıb bitənə qədər alov davam edir. Alovun davam etməsi palçıq vulkanının enerjisindən asılıdır. Başqa sözlə, vulkan nə qədər güclüdürsə, onun yanma müddəti də bir o qədər çox olur. Səhərə yaxın baş verən vulkanın söndüyü barədə məlumatlar var. Buradan ancaq tüstü qalxır”.

Maraqlıdır, vulkanın baş verdiyi ərazidə yeni neft-qaz yatağının kəşfi mümkündürmü?

İlham Şaban bu ehtimalın mümkünlüyünü vurğulayıb: “Bu versiya da mümkündür. Ona görə həmişə istər palçıq vulkanı, istərsə də adi vulkan olsun baş verəndən sonra ilk növbədə geoloqların diqqətində olur. Süxurlar yerin altından səthinə atılıb. Təbii ki, bunlar soyumalıdır. Bundan sonra geoloqlar həmin ərazidə tədqiqata başlayırlar. Tərkibi öyrənildikdən sonra müəyyən ehtimallar irəli sürürlər. Xəzərdəki hadisə ilə Seysmoloji Xidmət Mərkəz yox, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və SOCAR-ın geoloqları məşğul olmalıdır”.

Ekspert deyir ki, son 10 ildə Abşeron zonasında palçıq vulkanlarının intensivliyi artıb: “Bundan öncə ən güclü püskürmə Sanqaçal terminalı ətrafında, daha dəqiq desək, qaçqın və məcburi köçkünlər üçün salınmış "Ümid” qəsəbəsi tərəfdə olmuşdu. Dağdan axan lava o qədər böyük həcmdə püskürmüşdü ki, dəmir yoluna qədər gəlib çıxmışdı. Həmçinin Buzovnada dənizin içərisində də balaca vulkanı püskürməsi olmuşdu. Təxminən 12 il bundan əvvəl Sulutəpə və Hökməli qəsəbələrində də vulkan püskürməsi baş vermişdi. Gücünə və püskürmə məhsullarının həcminə görə 1887 və 1954-cü illərdə Lökbatanda baş vermiş püskürmələr xüsusilə fərqlənir. Burada son püskürmə 2017-ci ildə qeydə alınmışdı. Yerin təkində müəyyən enerji formalaşır. Bu, bizim xeyrimizədir. Deməli, nəsə var və nə isə tapa bilərik”.


Müəllif: Yeganə Oqtayqızı