8 İyul 2021 13:49
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO), “BP” və “Petronas” kimi şirkətləri birləşdirən “Şahdəniz” konsorsiumu "Şahdəniz-2" layihəsinin Cənub-Şərq qanadında təbii qaz istehsalına başlayıb.

Teleqraf.com konsorsiuma istinadən xəbər verir ki, bu istehsalla gündəlik hasilata 400 milyon kubmetr əlavə qaz həcmləri daxil olacaq ki, bununla da 2 milyon evin enerji ehtiyacını ödəmək hədəflənir.

Yatağın Cənub-Şərq qanadındakı qaz axınının ilin üçüncü rübündə tam istehsal gücünə çatacağı gözlənilir.

Açıqlamaya görə, "Şahdəniz-2" layihəsinin Cənub-Şərq qanadı 2021-ci ilədək planlaşdırılan 540 metr dərinliyindəki istehsala vaxtında və etibarlı şəkildə başlayıb. Dərin su qanadında istehsal bütün müvafiq dəniz inşaat və istismara vermə işləri müvəffəqiyyətlə başa çatdıqdan sonra 30 iyunda fəaliyyətə başlayıb. Layihənin cənub-şərq qanadında yerləşən yeni hasilat hissəsi iki yeni axın xətti, dörd quyu və dünya standartlarında “Şahdəniz” ehtiyatlarına qoşulmuş bir sıra sualtı quruluşlardan ibarətdir.

“Şahdəniz” operatoru “BP”nin Azərbaycan, Gürcüstan və Türkiyə regional prezidenti Gary Jones bildirib ki, bu istehsal konsorsiumun əldə etməyi planlaşdırdığı ən mühüm dönüş nöqtəsidir: "Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbindən yaşanan bütün çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, büdcə daxilində və vaxtında bunu təhlükəsiz şəkildə planlaşdırdığımız üçün qürur duyuruq. Məmnuniyyətlə deyim ki, istehsala yeni başlamış “Şahdəniz-2” layihəsinin Cənub-Şərq qanadında iki paylama borusundan və 40 kilometrdən çox axın xəttindən istifadə edərək “Şahdəniz” yatağının hasilatına gündəlik təxminən 90 min barrel neft ekvivalenti gətirəcəyini gözləyirik”.

Qeyd edək ki, “Şahdəniz” konsorsiumunda “BP” 28,8%, “TPAO” 19%, “Petronas” 15,5%, “AzSD” 10%, “Lukoil” 10%, “Nico” 10% və “SGC” şirkəti 6,7% paya sahibdir.

1999-cu ildə Xəzər dənizində Azərbaycan sahillərində kəşf olunan “Şahdəniz” “BP” şirkəti tərəfindən indiyə qədər edilən ən böyük qaz kəşfidir.

Bu günə qədər “Şahdəniz” yatağında 140 milyard kubmetrdən çox təbii qaz və 33 milyon tondan çox kondensat hasil edilib.


Müəllif: Yeganə Oqtayqızı