8 İyul 2021 19:22
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Prezidentin iyulun 7-də "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərman ölkə üçün çox önəmli hadisədir. Fərmanın həm tarixi, həm iqtisadi, həm də sosial əhəmiyyəti var. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan uzun müddət işğalda olan torpaqlarını azad etdi. Artıq tarixi adlarımız bərpa olunma prosesindədir”.

Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə deyib.

Deputat bildirib ki, indiyədək Azərbaycanda iqtisadi rayonların tərkibinin dəyişdirilməsi ilə bağlı olan məsələlər artıq öz həllini tapır:

“Bu gün ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafı təmin edilir. Eyni zamanda uğurlu sosial-iqtisadi inkişaf dövlət proqramları həyata keçirilir, qəsəbələrin, kəndlərin siması köklü şəkildə dəyişir, regionlarımızın iqtisadi potensialı artır, infrastruktur təminatı, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti uğurla icra olunur. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi gedir. Eyni zamanda bu bölgələrin gələcək inkişafının təmin olunması, eləcə də zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər görülür. Bu nöqteyi-nəzərdən yeni yaradılmış iqtisadi rayonlar gələcəkdə işğaldan azad olunan ərazilərdə iqtisadiyyatın inkişafı və Qarabağ iqtisadiyyatının Azərbaycan iqtisadiyyatına reinteqrasiyasının təmin olması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Mahir Abbaszadə qeyd edib ki, vaxtilə Qarabağı aşağı, yuxarı və dağlıq sözləri ilə ifadə etmişik:

“Bunların hamısı sovet hökuməti qurulduqdan sonra leksikonumuza daxil edilmiş sözlər idi. Amma Prezidentin fərmanından sonra bütövlükdə bu ərazi Qarabağ iqtisadi rayonu adlandırıldı və işğaldan azad olunan ərazilər də bu iqtisadi zonaya daxil edildi. Məlum fərmanla indiyədək işğalda olmayan ərazilər də Qarabağ iqtisadi rayonunun tərkibə salınıb. Bu addımlar bütövlükdə bölgənin iqtisadi imkanlarını artırmaq nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir.

Sənədin ən diqqətçəkən məqamı Şərqi Zəngəzur iqtisadi rayonunun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılmasıdır. Bu, həmin məkanların hüquqi baxımdan Azərbaycana məxsusluğu barədə tarixi faktları özündə ehtiva edir. Məlumdur ki, 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibinə Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları daxil idi. Tarixi nöqteyi-nəzərdən baxdıqda biz bunu da bərpa edirik və artıq Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb.

Azərbaycan Qarabağ müharibəsindən qalib çıxdı və ərazi bütövlüyünü təmin etdi. Bundan sonra 9 noyabr tarixli üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması məsələsi aktuallaşdı. Zəngəzur dəhlizinin bir hissəsini Naxçıvan, bir hissəsini isə işğaldan azad olunan Zəngilan rayonu əhatə edir. Bu baxımdan Zəngilan rayonu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil edilib və bu da gələcəkdə bölgənin iqtisadi potensialını artırır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər