11 İyul 2021 17:46
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda bərpası başlanan və yaxınlarda başladılacaq işğaldan azad edilmiş 8 şəhər (7 rayon mərkəzi+Şuşa) üzrə qeydiyyatda olan əhalinin sayı 150 min nəfərə yaxındır. Artıq bəyan edilib ki, bərpasına start verilən Ağdam şəhəri 100 min nəfərin məskunlaşmasına imkan verəcək. Bu isə şəhərə hazırda qeydiyyatda olan əhalinin sayından (42 min nəfər) 2.3 dəfə çoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib.

Ekspert deyir ki, adıçəkilən 8 şəhər ən azı 500 min nəfər əhalinin yaşaya bilməsinə imkan verməlidir: “Bu, həm ölkədə urbanizasiyanın səmərəli planlama əsasında sürətləndirilməsi, həm də son 30 ildə faktiki yaşayış kimi iri şəhərləri, xüsusilə Bakı, Sumqayıt və Xırdalan kimi şəhərləri seçmiş insanlara alternativ seçim imkanı vermək baxımından çox önəmlidir.

Ağdamın ardınca Füzuli şəhərini də ən azı 100 min nəfərin yaşaya biləcəyi yaşayış məntəqəsinə çevirmək mümkündür. Əhalisi 100 min nəfərdən çox olan şəhərlərin sayının artması Bakının boşaldılması baxımından çox önəmlidir. Lakin yeni qurulan şəhərlər yüksək sənaye imkanları ilə yanaşı mədəni infrastkturun da yüksək səviyyədə qurulduğu şəhərlər olmalıdır. Məsələn, sağlamlıq turizmi üçün yüksək potensialı olan Kəlbəcərdə ikinci bir tibb universiteti qurula bilər”.

Analitik hesab edir ki, Bakıda olan 30-dan artıq universitetin müəyyən hissəsini işğaldan azad edilmiş regionlar üzrə paylaşdırmaq mümkündür: “Şəhərin məskunlaşma üçün cəlbedici olmasında orda təhsil və yaradıcı mühitin yaradılması son dərəcə vacibdir. Hazırda qeyd olunan şəhər üzrə qeydiyyatda olan əhali sayı belədir: Ağdam - 42.8 min, Füzuli 24,7 min, Şuşa 23,9 min, Laçın 13,4 min, Kəlbəcər 12,2, Zəngilan 11,3 min, Cəbrayıl 11 min, Qubadlı 9.5 min”.


Müəllif: Yeganə Oqtayqızı