2022-ci ildə qlobal neft tələbatı bu illə müqayisədə gündəlik təxminən 3 milyon barrel (3,1%) artaraq 99 milyon 500 min barrelə çatacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) iyun hesabatında məlumat verilib.
Bildirilir ki, qlobal iqtisadiyyatda güclü artım, yeni növ koronavirus (COVID-19) epidemiyasına qarşı peyvənd səylərinin sürətləndirilməsi və məhdudiyyətlərin yumşaldılması neft tələbatının bərpa edilməsində hərəkətverici qüvvə olacaq.
Qlobal iqtisadiyyatda müsbət proqnozun cari ilin qalan hissəsində və 2022-ci ildə də davam edəcəyi gözlənilir. Xüsusən Avropa bölgəsindəki epidemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılmasının təsirilə qlobal neft tələbinin ilin ikinci yarısında ilk 6 ayla müqayisədə gündəlik 4.6 milyon barrel artması proqnozlaşdırılır. Bəzi ölkələrdə artan COVID-19 narahatlığı qlobal neft tələbatı üçün mənfi risk yaratmağa davam edəcək.
2022-ci ildə gündəlik neftə olan tələbə görə Asiya-Sakit Okeanı 37 milyon 200 min barrellə rəhbərlik edəcəyi gözlənilir. Bu bölgəni 31 milyon 200 min barrellə Amerika, 14 milyon barrellə Avropa izləyəcək.