17 İyul 2021 17:00
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəngilan rayonunda Beynəlxalq Hava Limanın inşası ilə bağlı işlərə başlanılıb, yaxın zamanlarda tikintinin sürətlənəcəyi gözlənilir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov işğaldan azad olunandan sonra Zəngilana ilk səfəri zamanı deyib.

Deputat qeyd edib ki, uzun illərdir həsrətində olduğumuz yurdumuza ayaq basmaq, üçrəngli bayrağımızın dalğalandığını görmək qürurverici hisdir:

“Ancaq təəssüf ki, digər işğaldan azad olunmuş ərazilərimizdə olduğu kimi, eyni mənzərəni burada da müşahidə etdik - dağıdılmış, məhv edilmiş evlər, abidələr…

5 qəsəbə və 79 kəndi olan Zəngilan rayonu Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, Zəngilan rayonu təbii ehtiyatların çoxluğuna görə də fərqlənir. Belə ki, rayonun Vejnəli kəndində 6.5 ton qızıl ehtiyatı mövcuddur və güman olunur ki, müasir texnologiya ilə qiymətləndirmə aparılan zaman daha çox ehtiyatların aşkarlanması mümkün olacaq. Vejnəli yatağı eyni zamanda filiz, gümüş, mis ehtiyatları üzrə də məşhurdur”.

Vüqar Bayramov hesab edir ki, strateji mövqeyi ilə yanaşı, Zəngilanın iqtisadi inkişafına dəstək göstərəcək digər amil, rayonun Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacaq:

“Horadizlə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının inşaatı sürətlə davam etdirilir. Zəngilana gedən zaman yolboyu texnika və avadanlıqların intensiv işləməsinin şahidi olmaq mümkündür. Eyni zamanda, Zəngilanda inşa ediləcək Beynəlxalq Hava Limanı inşaatı ilə bağlı da işlərə başlanılıb. Yaxın zamanlarda limanın tikintisinin də sürətlənəcəyi gözlənilir. Uzun illər işğal altında qalan torpaqlarımız bərpa edilir və yenidən qurulur. Tezliklə bu yerlərə gülüş və həyat yenidən qayıdacaq”.


Müəllif: Yeganə Oqtayqızı