“SpaceX”-in rəhbəri, “Tesla”nın baş direktoru İlon Maskın şəxsi sərvəti pandemiyada 613 faiz artımla 175 milyard dollara çatıb.
Teleqraf.com xəbər verir ki, 50 yaşlı sahibkar sərvətinə daha 150 milyard dollar əlavə etməyi bacarıb.
Maskın sərvəti təkcə son 12 ayda 100 milyard dollardan çox artıb. “Forbes” jurnalının hesabatına görə, “Tesla”nın səhmlərinin dəyərinin artması Maskın sərvətinin çoxalmasında həlledici rol oynayıb. Bu dövrdə şirkətin səhmləri 1000 faizdən çox "mükafat" alıb.
İlon Mask 175 milyard dollarlıq şəxsi sərvəti ilə dünyanın ən varlı adamları siyahısında pərakəndə satış nəhəngi “Amazon”un qurucusu Ceff Bezosdan (192 milyard dollar) sonra ikinci yerdədir.
Digər tərəfdən, pandemiya dövründə amerikalı milyarderlərin də sayı artıb. Ötən ilin mart ayında 10 rəqəmli bank hesabına sahib olanların sayı 614 ikən, bu rəqəm avqust ayında 708-ə yüksəlib. ABŞ milyarderləri ən yoxsul 165 milyon amerikalıdan 4 dəfə çox sərvətə sahibdirlər.