“Real potensialından ən az istifadə edilən rayonlardan biri, bəlkə də birincisi Şəki-Zaqatala iqtisadi rayonudur. Bu reallığı bu iqtisadi rayon daxilində olan inzibati rayonların (Qəbələ istisna olmaqla) vəziyyətinə baxanda görmək olur. Hazırda bu iqtisadi rayonun inkişaf etdirilməsi üçün əla zəmin yaranıb. Ötən gün rəsmi məlumatla bildirilir ki, Balakəndə Avropanın ən böyük 2 polimetal yatağından biri olan "Filizçay"da həyata keçirilən işlərdən təxminən 10 milyard manat gəlir əldə ediləcək”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, həmin yatağın mis, qurğuşun, sink və gümüş ehtiyatları var: “Burda minlərlə insan işlə təmin ediləcək və bu iş yerləri bəzi mövsümi və rentabelsiz fəaliyyət göstərib sonradan bağlanan müəssisələrdə açılan iş yerləri kimi olmayacaq. Ən azı 30 ilə yaxın davamlı fəaliyyət göstərək bir sahədən söhbət gedir.
Bu, region üçün çox ciddi divident deməkdir. Amma bu yatağın faydası balakənlinin, qaxlının və digər region sakinlərinin işləyib maaş alması ilə bitməməlidir. Bu yatağın filiz ehtiyatları 120 milyon ton həcmində qiymətləndirilir. Yatağın istismarına təxminən 4-5 il sonra başlanılacağı gözlənilir. İstismar müddətinin isə 25-ildən artıq, təxminən 27-28 ilə yaxın davam edəcəyi ehtimal edilir. Bu, 30 ilə yaxın bir müddət ərzində buradan 10 milyard manat gəlir götürülməsi planlaşdırılır. Kiçik məbləğ deyil”.
Ekspert təklif edir ki, məlum vəsaitlə regionda kiçik və orta sahibkarlığın inkişafına çox ciddi dəstək vermək mümkündür: “Bu pulun hamısının yönəldilməsinə də ehtiyac yoxdur. Bunun 30-35 faizi həcmində vəsait hesabına spesifik dəstək proqramı hazırlana bilər. Proqram çərçivəsində kiçik və orta biznes təsərrüfat subyektlərinə sistemli şəkildə müxtəlif mexanizmlər qurularaq dəstək həyata keçirilə bilər.
Bu, ucuz maliyyə vəsaitlərinə əlçatanlığın ciddi şəkildə təmin edilməsi deməkdir. Bu dəstəyin üzərinə müəyyən güzəştləri gəlsək, bir müddət sonra geniş potensialı olan bu regionda çox böyük nəticələr əldə etmiş olarıq. Bu, həmin ərazidən çıxan təbii sərvətin o torpaqların insanları üçün ömürlük iş yerini, davamlı gəlirini və əbədi iqtisadi aktivliyini təmin edə bilər.
Amma bir şərtlə ki, yerli icra hakimiyyətlərinin bu prosesə birbaşa və ya dolayı müdaxilə imkanları tam məhdudlaşdırılsın. Çünki əks halda bu 3-4 milyard manat pulu köhnə qayığa qoyub, Somali sularına buraxmaq qədər riskli addımdır. Bunu mən yox, zamanın təcrübəsi deyir”.