2 Sentyabr 2021 09:05
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 15-dən məktəblərin ənənəvi təhsilə başlayacağı ehtimal olunur. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə tövsiyəsi də var. Məktəblər açılacağı ehtimalı dəftərxana məhsullarına tələbatı da artırıb.

İqtisadçı Natiq Cəfərli Teleqraf.com-un bu və digər istiqamətdə suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Natiq müəllim, hazırda ölkədə dəftərxana ləvazimatlarına olan tələbatı necə qiymətləndirsiz?

- Təbii səbəbdən hər tədris mövsümündən öncə dəftərxana ləvazimatına tələbat kəskin artır. Tələbələrlə şagirdləri saysaq, bu il təxminən 1,5 milyon Azərbaycan vətəndaşı ali və orta məktəblərə gedəcək. Bu o deməkdir ki, bu qədər şəxsin dəftərxana ləvazimatına ehtiyacı var.

Təəssüf ki, tələbatla birlikdə hər il qiymətlərin də artmasına şahid oluruq. Özüm də bir valideyn kimi qiymət artımını hiss edirəm. Bu da Azərbaycanda çox sadə istehsal sahələrinin təəssüf ki, bu günə qədər yaradılmamasından qaynaqlanır. Əslində, dəftərxana ləvazimatlarının istehsalı o qədər də çətin, texnoloji və elmi bacarıq tələb edən bir proses deyil. Bunu ölkədə təşkil etmək üçün hökumətin bu günə qədər müəyyən təşviq addımları ola bilərdi.

Hökumət iş adamlarına müəyyən vergi və digər güzəştlər tətbiq etsəydi, həmin ləvazimatların böyük bir hissəsini Azərbaycanda istehsal etmək mümkün olardı. Amma təəssüf ki, çantalardan tutmuş adi qələmə qədər bir çox məhsullar xaricdən gətirilir. Hazırda ölkə bazarında Çin və Türkiyə məhsulları böyük üstünlük təşkil edir. Keyfiyyətinə görə türk məhsulları daha bahadır. Hesab edirəm ki, bu sahədə olan bahalaşma dalğasını valideynlər getdikcə daha çox hiss edəcəklər.

- Sizcə, pandemiya şəraitində dəftərxana ləvazimatlarının idxalında problem varmı?

- Pandemiya ilə bağlı idxalda müəyyən logistik problemlər olur. Ən azından logistikanın qiyməti qalxıb. Hətta Çindən göndərilən məhsulların daşınma xərcləri də artıb. Doğrudur, burada pandemiyadan qaynaqlanan səbəblər yanaşı, ölkəmizdə karqo şirkətlərinin rəqabətsizliyindən doğan məsələlər də var. Bir çox hallarda məmurlara bağlı karqo şirkətlərin fəaliyyətdə olması haqda məlumatlar olur. Yəni daşınma xərclərinin artması, qiymətin artımına təsir göstərən əsas amillərdən biridir.

Bu ilin avqust ayında Azərbaycan Türkiyə hökuməti ilə 15 müqavilə bağlamışdı. Bunların arasında qarşılıqlı vergidən azad olunma, ticarət dövriyyəsinin artması üçün müəyyən gömrük rüsumlarının güzəştlər də nəzərdə tutulmuşdu. Amma təəssüf ki, biz həmin sazişlərin tam gücü ilə işləməsinin şahidi olmuruq.

Əslində, Türkiyədən gətirilən məhsullar ucuzlaşmalı idi. Çünki yeni logistik koridorlar fəaliyyət göstərir. Hətta yük daşımaq üçün Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan da istifadə etmək mümkündür. Bu da yükdaşımanın maya dəyərini xeyli aşağı salmalı idi.

Eyni zamanda qarşılıqlı müqavilələr həm logistika xərclərini, həm də vergi və gömrük rüsumu xərclərini azaltmalı idi. Amma təəssüf ki, hələ də müqavilələrin tam işlədiyini, bunun da birbaşa bazara və vətəndaşa təsir etdiyini görmürük. Nəticədə Türkiyədən gətirilən məhsulların qiymətində bahalaşma müşahidə olunur.

- Bu ildən əvvəllər müşahidə etmədiyimiz bir tendensiya da nəzərə çarpır. Bəzi marketlər şəbəkəsi məktəb məhsullarının satışını endirimli qiymətlərlə təklif edir. Halbuki əvvəllər bu məhsulların satışı yarmarkalarda, bazarlarda təşkil olunurdu. Bunun səbəbi nədir?

- Qanunla ticarət obyektlərinin, marketlər şəbəkəsinin dəftərxana ləvazimatları satışını həyata keçirməsinə hansısa məhdudiyyət yoxdur. Zatən ticarət şəbəkələri bu məhsulların satışını təşkil etməsəydi, bu, biznes təfəkkürünə zidd olardı. Onsuz da rəqabətsizlik mühiti bu ticarət şəbəkələrində də var. Ölkədə pərakəndə ticarət dövriyyəsinin böyük bir hissəsini öz üzərinə cəmləyən bu ticarət şəbəkələrindən gündə on minlərlə insan istifadə edir.

Ehtimal ki, sentyabrın ilk həftəsindən sonra yarmarkalarla bağlı qərar verilsin. Koronavirusun yayılmasının qarşısını almaq üçün müəyyən təhlükəsizlik qaydalarına əməl olunur. Bu baxımdan yarmarkaların keçirilib-keçirilməyəcəyini indidən söyləmək çətindir. Əgər yarmarkalar təşkil olunsaydı, vətəndaşların daha ucuz mallara çıxış imkanları artardı. Təəssüf ki, bununla bağlı qərar hələ ki, yoxdur.

- Bir məktəbli çantasının doldurulması üçün nə qədər vəsaitə ehtiyac var?

- Bu il üçün dəqiq hesablama aparmamışam. Amma təxminimə görə, həm məktəbli formasını almaq, həm də məktəbli çantasının içini doldurmaq üçün hər şagirdə ilkin olaraq 200-250 manat vəsait lazımdır. Bir evdə 2-3 şagirdin olduğunu nəzərə alsaq, bu, ailə büdcəsinə kifayət qədər təsir edəcək ciddi bir rəqəmdir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər