Dünya neft qiymətləri ucuzlaşmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,37% azalaraq 70,65 dollar/barelə düşüb. WTI markalı neftin oktyabr fyuçersləri isə 1,64% dəyər itirərək bir barel üçün 67,42 ABŞ dolları təşkil edib.
Qeyd olunur ki, buna Rusiya Baş nazirinin müavini Aleksandr Novakın açıqlamaları təsir edib. Belə ki, o, OPEC+in dünya neft bazarındakı izafi ehtiyatların öhdəsindən gəldiyini və indi tarazlığı qorumaq, hasilat və tələbatı sinxronlaşdırmağın zəruri olduğunu söyləyib. O, həmçinin qlobal neft bazarının 2022-ci ildə tam bərpa olunacağına ümid etdiyini və bu il tələbatın gündəlik 5,8-6 milyon barel artacağının gözlənildiyini bildirib.
Xatırladaq ki, OPEC+ koronavirus pandemiyası səbəbindən neftə olan tələbatın azalması səbəbindən keçən ilin may ayından bu yana hasilatını gündəlik 9,7 milyon barel azaldıb. Vəziyyət sabitləşdikcə razılaşmaya korrektələr edilib. 2021-ci ilin avqust ayından etibarən isə alyans hər ay hasilatı gündəlik 400 min barel artırır və 2022-ci ilin sentyabr ayının sonuna qədər tədarükü azaltmaq öhdəliklərindən tədricən geri çəkilməyə ümid edir. Bu ilin sentyabr ayı üçün bu, gündəlik 4,96 milyon barel təşkil edir.
Əlavə edək ki, bu gün OPEC+ çərçivəsində bir sıra görüşlər keçirilir və razılaşma iştirakçıları neft hasilatının tədricən artırılması ilə bağlı planların saxlanıb-saxlanılmayacağına qərar verəcək.