6 May 2014 12:27
2 306

Çərəz bazarında istehlakçılar aldadılır

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə hər bir insan üçün il ərzində hesablanan qərzəkli meyvələr - qoz, fındıq, badam, püstə, şabalıd, yerfındığı, sidr qozu, fıstıq 1-2 kiloqramdır. Bu məhsulun bütünlüklə yerli istehsal hesabına ödənməsi mümkün olsa da, satışda xaricdən gətirilən çərəz məhsulları üstünlük təşkil edir.

Acınacaqlısı odur ki, həmin məhsullar yerli adı altında, xüsusən də “Ordubad nemətləri”, “Naxçıvan nemətləri” kimi satışa çıxarılır. Yəqin ki, paytaxtda çoxlarınız çərəz satılan topdan və pərakəndə ticarət mərkəzlərində bu adda xeyli sayda mağaza görmüsünüz. Qəribədir ki, bu yolla istehlakçılar aldadılır və onlar dadı, keyfiyyəti ilə məşhur olan Ordubad, Naxçıvan çərəzi aldıqlarını güman edirlər.

Azadlıq prospekti 182 ünvanında 20 ilə yaxındır ki, çərəz satışı ilə məşğul olan Afiyəddin Mehralıyev də mağazasına “Ordubad nemətləri” adını verib. O özü əslən Ordubaddandır: “Mənim satdığım məhsulların içərisində həyətimizin məhsulları üstünlük təşkil edir. Məsələn, sucuğu anam düzəldir, 15 ildən çoxdur daimi müştərisi var. O cümlədən, gavalı və ərik qurusu, iydə, qoz öz bağımızın məhsuludur. Amma bu, çox azdır, əsasən İran məhsulları satırıq. Çoxları bunu dansa da belədir. Ağzının dadını bilən Naxçıvan, Ordubad çərəzi ilə xarici məhsulun fərqini dadına baxmamış elə görünüşündən tanıyır”.

Satıcı deyir ki, Naxçıvanda yetişən çərəzlərin dadı, keyfiyyəti yüksək olduğu üçün əksər sahibkarlar alver yaxşı olsun deyə, mağazanın adını yerə uyğun qoyurlar. Amma satışdakı çərəzin hamısının yerli istehsal olmadığını bilə-bilə aidiyyəti qurumlar istehlakçıların aldadılmasına göz yumurlar.

Qeyd edək ki, qərzəkli məhsulların yetişməsi üçün ölkənin istilik və işıq potensialı yüksək qiymətləndirilir. Ən böyük məhsuldarlıq isə Şəki, Zaqatala, Oğuz, Qəbələ rayonlarının payına düşür.

Gürcüstandan geridəyik, halbuki...

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov da təsdiq edir ki, xaricdən gətirilən meyvə-tərəvəz qismən ucuz olsa da, yerli məhsulu əvəz eləmir. İdxal məhsullarının həm keyfiyyəti aşağıdır, həm də mənşəyi məlum deyil: “Biz onlara nə qədər kimyəvi maddə vurulduğunu bilmirik. Azərbaycanda kənd təsərrüfatı məhsullarının keyfiyyəti çox yüksəkdir və başqa ölkələrlə müqayisədə onlar təbiidir. İndi buna dünyada ”orqanik" təbii məhsul deyirlər. Yəni gübrəsiz, kimyəvi maddələrdən təmiz olan və dadlı məhsullardır. Bu və ya digər səbəbdən xaricdən gətirilən qərzəkli məhsullar, çərəzlər Naxçıvan, Ordubad nemətləri adı altında satışa çıxarılır".

Ekspert deyir ki, əslində Azərbaycanda qərzəkli məhsulların istehsalı üçün kifayət qədər şərait var: “Ölkədə coğrafi ərazisinə görə əhalinin tələbatından da artıq məhsul istehsal etmək mümkündür. Ancaq bəzi amillər buna mane olur, ilbəil müxtəlif problemlər artdıqca məhsuldarlıq aşağı düşür. Ərazi və münbit torpaq baxımından bizdən xeyli geridə qalan Gürcüstan fındıq istehsalına görə Azərbaycandan irəlidədir. Çünki orada məhsuldarlığın artırılması üçün konkret işlər görülür.
Bizdə də əkin sahələri genişləndirilməli, zərərvericilərə qarşı tədbirlər görülməlidir. Məhsulun satış siyasəti düzgün qurulmalıdır. Xatırlayırsınızsa, bir müddət əvvəl xaricə ixrac olunan fındığın tərkibində insan orqanizminə zərərli maddələr aşkarlandığı üçün məhsul geri qaytarılmışdı. Bu sahibkarlara baha başa gəldiyi üçün sonradan bu sahəyə o qədər də əhəmiyyət verilmədi. Odur ki, məhsulun standartlara cavab verməsi üçün bir sıra əməliyyatlar reallaşdırılmalı, saxlanama şərati normal olmalıdır".

Ticarətin bu sahəsi nəzarətə götürülməlidir

Vahid Məhərrəmovun sözlərinə görə, məhsulların Naxçıvan, Ordubad məhsulu adı altında təqdim olunması sırf istehlakçı hüququnun pozulmasıdır: “Əvvəla, bütün məhsulların haradan gətirilməsi - hansı fermerin təsərrüfatından əldə olunması, becərilməsi barədə sənəd olmalıdır. Sənəd olmayanda istehlakçılar tələb etdikdə belə, satıcılar yalan danışaraq məhsulun yerli olduğunu şifahi şəklidə deyirlər. Bunun üçün yazılı sənəd olmalıdır ki, buna da aidiyyəti qurumlar cavabdehlik daşıyır. Hökumət ticarətin bu sahəsini nəzarətə almalıdır”.

Bu arada bildirək ki, çərəzin faydaları saymaqla tükənmir. Şirniyyatla müqayisədə olduqca xeyirli olan çərəzlər vitamin balansını normallaşdırmaq üçün ideal qida sayılır.

Xalq təbabəti üzrə ekspert Namiq Həsənov deyir ki, çay süfrəsini cana xeyirli etmək üçün çayla yeyilənlərə də diqqət edilməlidir: “Əlli qram təbii çərəz yemək bədənə xeyirlidir, şirniyyat kimi zərər vurmur. Çərəz yemək ateroskleroz, anemiya, ürəyin işemik xəstəliyi, damar xəstəliklərinin qarşısını alır. Əqli fəaliyyəti ilə məşğul olan insanlar bu məhsullardan daim istifadə etməlidir”.

Naibə QURBANOVA


Müəllif:
Загрузка...