15 Sentyabr 2021 17:53
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib. Hazırda “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edib.

Dövlət Neft Şirkəti (SOCAR) bu yanacaq növlərinin Azərbaycanda istehsal edilmədiyini və bahalaşmanı idxal olunan ölkədə baş verən qiymət artımı ilə əlaqələndirib.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Teleqraf.com-a bildirib ki, son 7 həftədə Türkiyənin, Gürcüstanın və Rusiyanın daxili bazarında benzin qiyməti mütəmadi artıb: “Avqustun əvvəlində dünya bazarlarında neftin qiyməti 75 dollar olub. Avqust ayının ortasında qiymət 65 dollara qədər düşməyə başladı. Bundan sonra neftin qiymətləri yenidən özünü bərpa etdi. Ümumilikdə ilin əvvəlindən bu günədək neftin qiymətində sıçrayışlı dəyişiklik olmayıb. Nəticə etibarilə 8 ayın yekunlarına görə, neftin orta qiyməti 64 dollar olub”.

Ekspertin sözlərinə görə, Azərbaycan 7 il yarımdır ki, yüksək və aşağı oktanlı benzinin idxalçısıdır: “Bunun bir səbəbi var, o da Azərbaycanın neft emalı zavodunun yarımcan olmasıdır. Çünki 1981-ci ildən bəri Heydər Əliyev adına Neft Emalı Zavodunda əsaslı modernizasiya işləri aparılmayıb. Bu neft emalı zavodu 1953-cü ildə yaranıb. Ümumi plana əsasən, zavod sökülüb əvəzində normal tələblərə cavab verən yeni zavod tikilməli idi.

2015-ci ildə neftin orta qiyməti 54 dollara düşəndə zavodun təmirini sürətləndirmək olardı. Üstündən neçə il keçib, təəssüf ki, hələ də emal zavodumuz yoxdur. Xatırladım ki, Prezident 2008-ci ildə Azərbaycanın yeni neft-qaz emalı zavodu və kimya kompleksinin yaradılmasının vacib olduğunu vurğulamışdı. Hələ "Azərkimya" İstehsalat Birliyinin modernizasiya işləri tam başa çatmayıb. Azərbaycanın 1959-1960-cı illərdə tikilmiş zavodu isə cüzi miqdarda təbii qaz emal edir. Ona görə də bu vəziyyətdəyik.

Hökumət hesab etdi ki, SOCAR qeyri-neft sektoru üçün işləməlidir, amma özü üçün işləməsi düz deyil. Artıq neftayırma zavodunun yenidən qurulmasına milyard dollarla pul xərclənib. SOCAR elan edib ki, 2023-cü ildə benzin istehsal edəcək. O vaxta qədər benzinin gündəlik qiyməti qalxacaq da, düşəcək də. Burada qeyri-adi bir şey yoxdur”.

İlham Şabanın fikrincə, Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən emal zavodları SOCAR-ın kommersiya layihəsidir: “Bilinir ki, bu vəsaitlər Azərbaycandan alınmayıb, ağıllı adamlar pul yatırıb. Zavodun səhmlərinin bir hissəsi Dövlət Neft Fondunun, bir hissəsi də konsolidasiya edilmiş (müştərək) kreditlər hesabına formalaşıb.

Azərbaycanın neft emalı zavodunun modernizasiya məsələsinə SOCAR yox, hökumət qərar verir. Çünki bu, dövlət şirkətidir. Prezident 2008-ci ilin mayında tapşırıq vermişdi ki, Azərbaycanda neft tarixi muzeyi tikilsin, amma icra olnmur”.

Analitik deyir ki, əgər ölkədə neft və qaz emalı zavodları olarsa, qiymətlər ucuzlaşar: “Yerli istehsal bu yanacaq növlərini idxal məhsulu sırasından çıxarır. İdxal məhsullarının maya dəyəri nəqliyyat, idxal vergisi kimi əlavə xərclər hesabına formalaşır. Əlbəttə, yerli istehsal olsaydı, hazırda yanacaq başqa qiymətə satılardı. İstehlakçılar sadəcə dözməlidirlər. İndiki şəraitdə alternativ yol yoxdur”.


Müəllif: Yeganə Oqtayqızı