17 Sentyabr 2021 17:25
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 9-cu yerdədir. Türkiyə Statistika Komitəsinin məlumatına görə, cari ilin 8 ayında azərbaycanlılar Türkiyədə 858 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 700 mənzil almışdılar.

Azərbaycanlılar bu ölkədə 2021-ci ilin yanvar ayında 68, fevral ayında 77, mart ayında 106, aprel ayında 131, may ayında 47, iyun ayında 164, iyul ayında 127, avqust ayında isə 138 mənzil alıblar.

İqtisadçı Eldəniz Əmirov azərbaycanlıların Türkiyənin daşınmaz əmlak bazarına artan maraqlarının səbəbini Teleqraf.com-a şərh edib.

O bildirib ki, Türkiyədə mənzil alan azərbaycanlıların statistikasına əsasən, bu ilin 8 ayında orta hesabla hər ay təxminən 107-108 mənzil alınıb: “Ötən il ərzində bu rəqəm 700 evlə ifadə olunurdu. 2020-ci ildə pandemiya səbəbindən alıcılıq qabiliyyəti aşağı düşdü, iqtisadi aktivlik azaldı. Pandemiyanın təsiri nəticəsində ötən il hər ay Türkiyədən 48 mənzil alınmışdı. Epidemiyadan əvvəlki statistikaya nəzər salsaq görərik ki, 2019-cu ilin 5 ayı ərzində 464 mənzil alınıb ki, bu da aylıq orta hesabla 63 mənzil deməkdir. 2018-ci il ərzində 1250 mənzil alınıb, bu da orta hesabla ayda 104 mənzil edir. Ümumilikdə 2020-ci ildə hər ay 58 mənzil, 2019-cu ildə 93 mənzil, 2017-ci ildə isə hər ay 78 mənzil alınıb.

Statistikadan göründüyü kimi, Türkiyədə daşınmaz əmlak bazarında mənzil alan azərbaycanlıların sayı ildən-ilə artır. Yalnız 2020-ci ildə artım dinamikası ən aşağı səviyyədə olub”.

Ekspert deyir ki, azərbaycanlılar təkcə Türkiyənin daşınmaz əmlak bazarına axın etmir: “Digər qonşu dövlətlər də statistikasını açıqlasa, analoji artımı görmək olar. Məsələn, əgər Rusiya statistikanı açıqlasa, rəqəmləri təhlil edib, orada da mənzil alan azərbaycanlıların hər il artdığını müşahidə edə bilərik. Doğrudur, Türkiyədə artım dinamikası daha fərqlidir. Bunun səbəbi iki ölkə arasında olan münasibətlər, eyni zamanda vizasız gediş-gəlişdə olan güzəştlərdir.

Ümumiyyətlə, insanların daşınmaz əmlak bazarında mənzil almaq maraqları digər obyektlərlə müqayisədə xüsusi çəkiyə malikdir. İnsanlar əlində olan qazanclarını banklara etibar etmir, əvəzində vəsaitlərini investisiya şəklində mənzillərə yatırırlar. Sonrakı müddətdə həmin mənzilləri ya kirayə verirlər, ya da istifadəsiz saxlayırlar. Başqa sözlə, insanların banklara olan inam indeksinin aşağı səviyyədə olması, özünü həmin vətəndaşların pullarını daha çox daşınmaz əmlaka yatırması formasında göstərir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər