Son aylarda dünyada koronavirusa yoluxma hallarının artmasına baxmayaraq aparıcı ölkələrdə sərt məhdudiyyətlərin tətbiq olunmaması və iqtisadi stimul tədbirlərinin davam etdirilməsi iqtisadi aktivliyin yüksək olaraq qalmasına şərait yaradıb. Beynəlxalq Valyuta Fondu 2021-ci ildə qlobal iqtisadiyyatın 6 faiz artacağını proqnozlaşdırır.
Teleqraf.com xəbər verir ki, dünya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəsinə bərpa olunduqca bir sıra ölkələrdə mərkəzi banklar inflyasiya təzyiqlərini nəzərə almaqla pul siyasətini sərtləşdirməkdədirlər. İyulun əvvəlindən indiyədək dünya mərkəzi bankları tərəfindən 29 dəfə əsas faiz dərəcəsinin artırılması haqqında qərar qəbul edilib. Bu dövrdə heç bir mərkəzi bank əsas faiz dərəcəsini azaltmayıb. Neftə qlobal tələbin təkliflə müqayisədə daha sürətlə artması qiymətlərin artım meyilinin davam etməsini şərtləndirir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 67 ABŞ dollarını, sentyabrda isə 72 ABŞ dollarını üstələyib. Bütövlükdə, cari ilin sonuna qədər qlobal neft bazarında tarazlığın olacağı gözlənilir. I yarımillikdə tədiyə balansının cari əməliyyatlar hesabında 1,9 milyard ABŞ dolları və ya ümumi daxili məhsulun 8 faizi səviyyəsində profisit olub. Əlverişli neft qiymətləri və qeyri-neft ixracının yüksək sürətlə artması ilin sonuna tədiyə balansının profisitli olacağını proqnozlaşdırmağa əsas verir.
Strateji valyuta ehtiyatları 8 ayda 4,8 faiz (2,4 milyard ABŞ dolları) artaraq 53,2 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10,6 faiz artaraq 7 milyard ABŞ dollarını üstələyib. Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynayıb. Profisitli tədiyə balansı valyuta bazarında təklifi və beləliklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Cari ilin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 85 faizində təklif tələbi üstələyib.