Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi qaydasında dəyişiklik edildi. Bu dəyişiklik Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” fərmanda təsdiq edilib.
Dəyişikliyə əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2020-ci il dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2025-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fondla birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin edəcək. Fərmanla subsidiya müddəti 2 il artırılır.
İndiyə qədər bu müddət 2019-2023-cü illəri əhatə edirdi.
İqtisadçı Xalid Kərimli dəyişikliyi Teleqraf.com-a şərh edib. O bildirib ki, 2018-ci ildən qüvvədə olan qaydaya əsasən, 2019-2023-cü illərdə verilmiş kreditlərə subsidiya verilirdi: “Burada fəaliyyət məhdudiyyəti yox idi. İstənilən fəaliyyət növü ilə məşğul olan sahibkarlar İpoteka və Kredit Zəmanət Fondundan bu dəstəyi ala bilərdilər. Təbii ki, bunun bir mexanizmi var idi. Banka müraciət edilirdi, bank işləri İpoteka və Kredit Zəmanət Fonduna göndərirdi. Fond da layihəyə baxıb krediti təsdiq edirdi.
Bundan sonra subsidiyanın məbləği və müddəti razılaşdırılırdı. Bu da 2019-2023-cü ilə qədərki dövrü əhatə edirdi. Hazırkı dəyişikliklə bu müddət 2025-ci ilə qədər uzadıldı. Tutaq ki, 2021-ci ilin sonunda kredit götürülürsə, 2022-2025-ci ilə düşən hissəsinə İpoteka və Kredit Zəmanət Fondu subsidiya verə bilər”.
Ekspert qeyd edib ki, subsidiyadan yararlanmaq üçün ilk növbədə kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq lazımdır: “Qaydaya əsasən, İpoteka və Kredit Zəmanət Fondu bankdan götürülən kredit faizin bir hissəsini sahibkarın əvəzindən banka ödəyir. Sahibkar olaraq götürülən kreditin faiz dərəcəsi 20 faizdən çox olmamalıdır. Yəni güzəşt 20 faizi keçən kreditlərə şamil olunmur. Götürülən kreditin ən azı 6 faizini sahibkar özü ödəməlidir.
Kreditlər iki yerə bölünür, 3 illik və müddəti 3 ildən çox olan kreditlər. İpoteka və Kredit Zəmanət Fondu 3 illikdə kreditin 8 faizini, 3 ildən yuxarı olan kreditlərdə isə 10 faizini subsidiyalaşdırıdı. Tutaq ki, sahibkar 13 faizlə 3 illik kredit götürür və onun 6 faizini özü, qalan 7 faizini isə Fond verirdi. Əgər götürülən kredit 14 faizdirsə, 8 faizini İpoteka və Kredit Zəmanət Fondu, 6 faizini isə sahibkar verirdi. İpoteka və Kredit Zəmanət Fondu 3 illik 15 faizli kreditlərin cəmi 8 faizini qaytarırdı.
Ancaq 3 ildən yuxarı olan müddətdə bu məbləğ 10 faizə qədər artır. Yəni İpoteka və Kredit Zəmanət Fondu 3 ildən yuxarı verilən kreditlərin 10 faizini maliyyələşdirirdi. Tutaq ki, sahibkar 11 faiz götürür, 6 faizi özü, 5 faizini isə Fond ödəyir. Fondun tələbi odur ki, sahibkar mütləq şəkildə kreditin 6 faizini özü ödəməlidir. Qalan hissəsini də Fonda subsidiya şəklində banka ödəyirdi. Bu, dövlətin sahibkara dəstəyidir”.
Xalid Kərimli hesab edir ki, mövcud sistem sahibkarlıq fəaliyyətini stimullaşdırmaq üçün iş adamlarının kreditlərə çıxışını asanlaşdırır: “Əvvəllər subsidiya kreditin növündən, yəni dövriyə kapitalıdırmı, yoxsa investisiya təyinatlı olmasından asılı olaraq 2-3 il müddətinə verilirdi. Tutaq ki, 10 illik kredit götürülübsə, 3-4 ilin faizi subsidiyalaşdırılır, qalanını sahibkar ödəyir. 3-4 il subsidiya dövründən sonra sahibkar hamısını özü ödəməlidir. Burada məsuliyyət bankda və müştəridədir.
Sadəcə dövlət müəyyən dövr ərzində sahibkarın faiz xərcini yüngülləşdirir. Əvvəllər burada heç bir məhdudiyyət yox idi. Yeni fərmanla subsidiyanın müddəti artırılıb. İpoteka və Zəmanət Fondunun fəaliyyət dairələrini məhdudlaşdıracağı barə məlumat yoxdur. Çox güman ki, bütün sahələrə kredit veriləcək”.
Analitik deyir ki, dəqiq qaydalara müəyyənləşəndən sonra Fond banklara məktubla müraciət etməlidir: “Qaydalar dəqiqləşmədiyi üçün hələlik müraciət yoxdur. Bilinmir ki, kredit əvvəlki kimi bütün fəaliyyət növlərinə veriləcək, yoxsa fəaliyyət növləri məhdudlaşdırlacaq.
Fondun burada heç bir qazancı yoxdur, maliyyə dövlət büdcəsindən ayrılır. Məqsəd sahibkarların faiz xərclərinə kömək etməkdir. Həmçinin iqtisadi inkişafa da hədəflənir.
Sahibkar krediti qaytarmayanda məsuliyyətini banklar daşıyır. Buna görə də banklar layihələri özləri dəyərləndirməlidirlər. Bankların düzgün qiymət verib-vermədiyini, kreditin təyinatına görə istifadə olunub-olunmadığına Fond özü də nəzarət edir”.