24 Sentyabr 2021 12:29
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranla yaşanan son münasibətlər fonunda iki ölkə arasındakı iqtisadi əlaqələr də müzakirə edilən məsələlərdəndir. Cənub qonşumuzla ticari dövriyyəmiz 2016-cı ildən sonra daha çox artsa da, ötən il pandemiyanın təsirlərindən qaça bilmədi. Belə ki, İranla ticarət dövriyyəmiz 2018-ci ildə 446 milyon, 2019-cu ildə 493 milyon, ötən il isə 339 milyon dollar olub. Bu o deməkdir ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 31,3 faiz azalıb. Azərbaycanla İran arasındakı ticarət dövriyyəsi ölkəmizin ümumi ticarət dövriyyəsinin 1,4 faizindən azını təşkil edir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, İrandan illik idxalın həcmi 300 milyon dollardır: “Bu o deməkdir ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin 88 faizindən çoxu İranın Azərbaycana ixracatı üzərində qurulub. Göründüyü kimi, İranla ticarət dövriyyəmiz ümumi ticarət dövriyyəmizdə xüsusi paya malik olmamaqla daha çox idxal hesabına formalaşır. Bu baxımdan, İranla ticarət dövriyyəmizdə hər hansı azalma baş verərsə, bu, ölkəmizə daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək”.

Analitik hesab edir ki, İrandan idxalın azalacağı halda onun Azərbaycanın istehlak bazarındakı tarazlığa xüsusi təsir olmamalıdır:

“Azərbaycan illik 2 milyard dollara yaxın ərzaq idxalının cəmi 2.7 faizi İranın hesabına formalaşır. Ötən il İrandan 23.6 milyon dollar dəyərində kartof, 9.8 milyon dollar təzə meyvə, 8.7 milyon dollar təzə tərəvəz, 13.0 milyon dollara yaxın şəkərdən hazırlanan qənnadı məmulatları, 2.9 milyon dollar çörək və un məmulatları, 1.9 milyon dollar süd və qaymaq, 1.5 milyon dollar balıq, 1.4 milyon dollar şokolad məhsulları və bir sıra digər ərzaq məhsulları (çay (177.2 min dollar), düyü (167.4 min dollar) makaron məmulatları (51.4 min dollar) və s.) idxal etmişik. İdxalın strukturundan göründüyü kimi, ərzaq məhsullarının alternativ əvəzlənməsi imkanları daha çoxdur və bu da idxal asılılığının yaranmasına imkan vermir.

Azərbaycan ərazi bütövlüyünə hörmətlə yanaşan ölkələrlə dostluq münasibətlərini davam etdrməkdə maraqlı olan dövlətdir. Ümid edək ki, qonşuluq prinsiplərinə qarşılıqlı hörmətin gözlənilməsi bu dəfə prioritet olacaq”.


Müəllif: Yeganə Oqtayqızı