“Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Cənubi Qafqazda yeni reallıqlar yarandığını və hər kəs bunu nəzərə almalı olduğunu bildirib. Cənubi Qafqaz həssas bölgədir və bu bölgənin inkişafı, bütövlükdə dayanıqlı sülhün formalaşması üçün kommunikasiyaların bərpası olduqca vacibdir. Bu proses paralel olaraq aparılmalıdır və kommunikasiyaların açılmasında prioritetlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi şərq-qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, bu, təbii ki, Avropa İttifaqına bu yolla Asiyaya daha çox yük daşımasını təmin edəcək. Nəticə etibarilə bu dəhliz Azərbaycanın qərb bölgəsini Naxçıvanla birləşdirmək mənasına gəlmir. Həmçinin bütövlükdə qitədə daşınan yüklərin həcminin artmasına imkan verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Süveyş kanalında baş vermiş hadisədən sonra Avropa alternativ marşrutların yaranmasında maraqlıdır: “Ölkə Prezidentinin qeyd etdiyi kimi, Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş bölgənin sülh və əməkdaşlıq regionuna çevilməsi baxımdan çox vacib hesab olunur”.
Vüqar Bayramovun sözlərinə görə, Zəngəzur dəhlizindən Rusiya, İran və Türkiyə də istifadə edəcək: “Bunun sayəsində Rusiyadan Ermənistana daşınan yüklərin həcmində artımlar olacaq. İndiki halda Ermənistanda iqtisadi tənəzzül var və beynəlxalq reytinq təşkilatları bu ölkənin kredit reytinqini kəskin şəkildə aşağı salıb, həmçinin xarici borc ÜDM-nin həcminin 60 faizindən çoxdur. Bu baxımdan Ermənistan da öz iqtisadi inkişafında maraqlıdırsa, Zəngəzur dəhlizi daxil olmaqla bütün kommunikasiyaların daha qısa zamanda bərpasına çalışmalıdır”.